10 Fevral 2021 16:27
1 376
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ATƏT-in Minsk qrupu həmsədrlərinin Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyətləri davam etdirilməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a verdiyi müsahibədə deyib.

Rusiya rəsmisi Qarabağda atəşkəsin elan olunmasından və Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli razılaşmanın əldə edilməsindən sonra Minsk formatının aktuallığını itirdiyini düşünür.

Rudenko vasitəçilərin münaqişənin həlli üçün əsas prinsiplərin yerinə yetirilməsinə mühüm töhfə verdiklərinə inanır və qeyd edib ki, bunların bir çoxu 10 noyabr bəyanatında əksini tapıb:

“Bura Dağlıq Qarabağ ətrafında yerləşən bölgələrin Azərbaycana təhvil verilməsi, qaçqınların geri qaytarılması, Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhlizin qorunması, təhlükəsizlik, sülhməramlı əməliyyatlar, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması daxildir”.

Rudenko ATƏT-in Budapeşt Sammitinin (1994) qərarlarına uyğun olaraq, Minsk qrupu həmsədrlərinə həvalə olunan hərtərəfli bir siyasi həllə nail olmaq vəzifəsinin hələ də tələb olunduğuna inanır: “Bu format beynəlxalq dəstəyə malikdir və status məsələləri də daxil olmaqla sonrakı addımlara qarşılıqlı məqbul yanaşmaların hazırlanmasında faydalı ola bilər”.

İndi ATƏT-in Minsk qrupu, Rudenkoya görə, ermənilər və azərbaycanlılar arasında etimad tədbirlərinin gücləndirilməsində fəal ola bilər: “Vətəndaş cəmiyyəti çərçivəsində dialoqun inkişafı bölgədəki ümumi vəziyyətin yaxşılaşdırılmasına və siyasi yolda gələcək addımlar üçün ilkin şərtlərin yaradılmasına kömək edəcək”.

Rudenko Türkiyənin Azərbaycanda mümkün hərbi bazalarının yaradılması barədə mətbuatda yer alan məlumatlara da toxunub.

Onun sözlərinə görə, Moskva Ankara ilə Ağdamda fəaliyyət göstərən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi çərçivəsində əməkdaşlıq edərək, bölgədə atəşkəs rejimini birgə müşahidə edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər