11 Fevral 2021 16:21
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hazırkı kliniki əlamətlər, səhiyyə işçilərinin 70 faizə yaxınının vaksinasiya olunması və digər statistik məlumatlar onu göstərir ki, “CoronaVac” peyvəndində ciddi yan təsirlər və ağırlaşmalar olmayıb”.

Bunu Teleqraf.com-a Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.

Deputat bildirib ki, Azərbaycanın vahid vaksinasiya strategiyasına uyğun olaraq ölkəmizdə Çinin "Sinovac" şirkətinin "CoronaVac" peyvəndi tətbiq olunur: “Digər ölkələrin istehsal etdiyi vaksinlərlə müqayisədə bu peyvəndin bir sıra müsbət cəhətləri var. Birinci müsbət cəhəti odur ki, bu vaksinin saxlama temperaturu sadədir, 2-8 dərəcə selsidə 3 ilə qədər saxlamaq mümkündür. Bu da daşınmanı, eləcə də zamanında tibb müəssisələrinə çatdırılmanı asanlaşdırır. Vaksinin tez xarab olma ehtimalı sıfıra bərabərdir.

İkincisi, “CoronaVac” vaksininin hazırlanma metodikası yerli səhiyyə infrastrukturunda uzunmüddətli tətbiq etdiyimiz peyvəndlərə uyğun gəlir. Bu vaksin inaktiv olunmuş, yəni öldürülmüş törədici viruslardan hazırlanıb.

Üçüncü müsbət cəhəti ondan ibarətdir ki, orqanizmdə formalaşmış immunitet bütünlüklə törədiciyə uyğunlaşmış immunitetdir. Digər hazırlanmış vaksinlər isə genetik materialın bir hissəsinə uyğunlaşdırılıb.

Koronaviruslar RNT tərkiblidir. Buna görə də, bu vaksinlər RNT-nin müəyyən bir törədici fraqmentindən götürülür və ona uyğunlaşdırılmış vaksin hazırlanır. Bu zaman immunitetin hissəvi olma riski var. Təəccüblü deyil ki, bəzi ölkələrdə yeni Britaniya ştammında, yəni mutasiyaya uğramış viruslarda bu vaksinin effektivsizliyi kimi bir fikir formalaşır. Bu baxımdan “CoronaVac” vaksini mənfi cəhəti yoxdur. Peyvənd inaktivə olunmuş viruslardan hazırlandığına görə digər vaksinlərlə müqayisədə əlavə yan təsirləri çox azdır.

Azərbaycan seçimini edərkən əhalinin sağlamlığının yüksək səviyyədə qorunması, eləcə də bu vaksinin əlavə təsirlərinin az olması baxımından “CoronaVac” peyvəndinə üstünlük verib”.

Müşfiq Məmmədli deyir ki, tibb işçiləri arasında vaksinasiya prosesinin aparıldığı gün o özü də peyvənd olunub: “Qeyd edim ki, nə vaksinin ineksiya olunduğu nahiyədə, nə də ümumi olaraq heç bir narahatlıq müşahidə etmədim. Vaksinin yerində qızarıqlıq, şişkinlik, allergik reaksiyalar kimi halların olduğu deyilsə də, öz üzərimdə bunların heç birini hiss etmədim. Digər vaksinasiya olunmuş insanlarda apardığım müşahidələrdə də heç bir ağırlaşma halları olmayıb”.

Mütəxəssisin sözlərinə görə, vaksinin birinci dozundan sonra 20-28 gün ərzində immunitetin formalaşması prosesi gedir: “Vaksinin 28-ci günündə təkrar dozanın alınması məqsədəuyğundur. Birinci doza müddətində insanlar qoruma tədbirlərinə ciddi şəkildə riayət etməlidirlər. Çünki bu zaman yoluxma ehtimalı qalır. İkinci dozadan sonra isə şəxs artıq koronavirusdan qorunma çətiri altına alınmış olur”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər