2015-ci ildən başlayaraq ildə bir dəfə keçirilən “Cənub Qaz Dəhlizi” Layihəsinin Məşvərət Şurasının 7-ci iclası dünən on-line formatda keçirilib. Məşvərət Şurasının toplantısı rekord sayda iştirakçıların – 18 ölkə, 19 şirkət və 5 beynəlxalq maliyyə qurumunun təmsilçilərinin iştirakı ilə baş tutub.
Cənub Qaz Dəhlizi enerji sahəsində 21-ci əsrin ən böyük layihəsidir. 2013-cü ildən başlanmış tikinti işləri keçən ilin noyabr ayının sonunda tamamlanıb və uzunluğu 3500 km olan boru sistemləri vasitəsilə Azərbaycan qazının Avropaya nəqli başlanıb.
“Bu gün enerji təhlükəsizliyi bütün ölkələrin milli təhlükəsizlik məsələsidir”. Prezident İlham Əliyevin Məşvərət Şurasının iclasındakı çıxışında səsləndirdiyi bu fikir çox diqqətəlayiqdir. Artıq fəaliyyətə başlaməş Cənub Qaz Dəhlizi sadəcə irimiqyaslı iqtisadi layihə deyil, eyni zamanda həm Avropa ölkələrinin enerji təhlükəsizliyinin, həm də Azərbaycanın siyasi-hərbi təhlükəsizliyinin və nəticə etibarilə milli təhlükəsizliyimizin təminatıdır.
Azərbaycan belə bir nəhəng layihəni həyata keçirməklə ilk növbədə Avropanın enerji marşrutlarının diversifikasiyanı təmin etdi və bununla da Avropa İttifaqının daxili resurslardan başqa yeganə təbii qaz təchizatçısı rolunda çıxış edən Rusiyadan enerji asılılığına son qoydu. Cənub Qaz Dəhlizi boyunca yerləşən bütün ölkələrin bu layihədən bu və ya digər şəkildə faydalanması çoxsaylı dövlətlər arasında qarşılıqlı əməkdaşlığın güclənməsinə və beləliklə bütövlükdə qitə ərazisində təhlükəsizliyin möhkəmləndirilməsinə böyük töhfə verdi. Cənub Qaz Dəhlizi layihəsinin unikal cəhətlərindən biri də ondan ibarətdir ki, Xəzər hövzəsindən başlayan bu layihə təkcə regionun deyil, bütöv Avrasiya miqyasında daha çox sayda ölkələri qarşılıqlı faydalı işbirliyinə cəlb etmək potensialına malikdir. Belə ki, gələcəkdə Mərkəzi Asiya regionundakı karbohidrogen ehtiyatlarının bu dəhliz vasitəsilə Avropaya nəql olunması imkanlarının mövcudluğu Avrasiyanın Qərbi ilə Şərqini ölkəmiz üzərindən əməkdaşlığa sövq edir. Beləliklə Cənubi Qafqazla Avropa arasında başlanmış əməkdaşlıq və təhlükəsizlik arealı getdikcə bütövlükdə Avrasiya miqyasında genişlənmək perspektivləri əldə edir. Bütün bunlar Cənub Qaz Dəhlizinin beynəlxalq əhəmiyyətinin göstəriciləridir.
Ayrılıqda Azərbaycana gəldikdə bu layihənin ölkəmiz üçün əhəmiyyəti misilsiz və çoxtərəflidirdir. Azərbaycan tərəfindən ardıcıl şəkildə aparılan və gələcəyə hesablanmış enerji diplomatiyası beynəlxalq mövqeyimizin davamlı olaraq möhkəmlənməsini təmin edən çox mühüm amildir. Belə bir enerji layihəsinin məhz Azərbaycan dövləti tərəfindən irəli sürülməsi və onun həyata keçirilməsinə nail olunması dünya miqyasında Azərbaycana marağın artmasına və onun təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir. Keçən aylar ərzində beynəlxalq birlik tərəfindən ciddi maneə ilə üzləşmədən torpaqlarımızın işğaldan azad olunmasında da enerji diplomatiyamızın xüsusi rolu şübhəsizdir.
Belə bir layihəni həyata keçirmək üçün dünya neft sənayesinin ən son elmi-texniki nailiyyətləri ölkəmizə gətirilib və Azərbaycan son 20 il ərzində qabaqcıl sənaye ölkəsinə - müasir texnologiyalı neft-qaz ölkəsinə çevrilib. Neft-qaz yataqlarının işlənilməsində dünyada mövcud olan ən yüksək elmi-texnoloji və ekoloji standartlar tətbiq olunub. Neft-qaz sənayesində aparılan uğurlu fəaliyyət ölkəmizdə yeni fəaliyyət sahələrinin yaranmasına, yeni peşə ixtisaslarının öyrənilməsinə, on minlərlə yüksək gəlirli iş yerlərinin açılmasına və son nəticədə əhalinin əmək məşğulluğunun davamlı olaraq artırılmasına şərait yaradıb. Bütün bunların həyata keçirilməsində SOCAR-BP əməkdaşlığı xüsusi rol oynayıb və məhz bu qarşılıqlı faydalı əməkdaşlıq əsasında Azərbaycan-Avropa strateji tərəfdaşlığının əsası qoyulub. Təsadüfi deyil ki, bu gün Avropa dövlətləri və xüsusilə Böyük Britaniya Azərbaycanın ən böyük sərmayəçiləri, Azərbaycan isə Avropanın bu regionda ən etibarlı tərəfdaşı kimi qəbul olunur. Çoxsaylı transmilli şirkətlərin ölkəmizə sərmayə yatırması Azərbaycanda investisiya mühitinin formalaşmasında mühüm rol oynayıb və biznes mühitinin müasir standartlara uyğunlaşdırılması baxımından beynəlxalq reytinq agentliklərinin hesabatlarında Azərbaycanı dünya miqyasında qabaqcıl ölkələr sırasına çıxarıb.
Cənub Qaz Dəhlizinin bu günkü fəaliyyəti bu layihədə iştirak edən ölkələr arasında, xüsusilə Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında münasibətlərin dərinləşməsinə xidmət edir. Gələcəkdə Mərkəzi Asiya resurslarının da Cənub Qaz Dəhlizi vasitəsilə nəqli baş tutarsa, daha geniş miqyaslı Avrasiya əməkdaşlığının
şahidi ola bilərik. Avrasiya miqyaslı siyasi-iqtisadi münasibətlərin münaqişə deyil, məhz əməkdaşlıq əsasında pozitiv dəyişikliklərə uğramasından ən çox qazanan isə məhz Azərbaycan olacaq.