Azərbaycan iqtisadiyyatı bu gün özünün inkişaf mərhələsini yaşayır. Artan iqtisadi güc ölkəmizi regional iqtisadiyyatın lokomotivinə çevirib. Bununla yanaşı Azərbaycan dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilib. Tarixi nailiyyətlərdən olan Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsi yekunlaşıb. Bu nəhəng layihənin tam sistem kimi işə salınması Azərbaycanın həm də qaz ixrac edən ölkə olduğunu nümayiş etdirib.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev deyib.
Millət vəkili bildirib ki, Azərbaycan öz enerji resurslarını boru kəmərləri vasitəsi ilə dünya bazarlarına çıxarmağa nail olub:
“Ölkəmiz eyni zamanda Avropa və Asiya arasında enerji daşınmalarının mərkəzinə çevrilmək imkanını əldə edib. Neftini dünya bazarlarına bir neçə ixrac marşrutu ilə çıxaran ölkəmiz indi də hasil etdiyi mavi yanacağı üç möhtəşəm kəmərlə birbaşa Xəzərdən Adriatik dənizinin sahillərinə çatdırır. Ölkəmizin təşəbbüskarı olduğu qlobal layihələr Avropanın enerji xəritəsini yenidən tərtib etməklə yanaşı, Azərbaycanın regionda iqtisadi rolunu yüksəldib. Bu da təbii olaraq Azərbaycan iqtisadiyyatının inkişafına, ölkəmizə xarici valyuta axınının təmin edilməsinə müsbət təsir göstərir”.
Deputat fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasından bəhs edib:
“Prezident İlham Əliyev 7 ölkəni birləşdirən Cənub Qaz Dəhlizi layihəsinin mövcud olan ən yüksək ekoloji standartlara cavab verdiyini qeyd edib. Eyni zamanda ölkə Prezidentimiz bildirib ki, misilsiz əməkdaşlıq formatına nail olmuşuq. Düzgün hesablanmış maraqlar balansı var ki, burada istehsalçı olan Azərbaycanın maraqları tranzit və istehlakçı ölkələrin maraqları ilə üst-üstə düşür. Məhz bunun nəticəsində bəzilərinin o qədər də real hesab etmədikləri bir layihənin həyata keçirilməsi mümkün olub”.
Naqif Həmzəyev əlavə edib ki, bu cür qlobal layihələr Cənubi Qafqazda iqtisadi, siyasi, geopolitik maraqları olan dövlətlərin sülhə, təhlükəsizliyə marağını artırır:
“Bu, tarixdə ən böyük enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Cənub Qaz Dəhlizi Azərbaycanın regionda əsas inkişaf mərkəzi olduğunu nümayiş etdirir”.