Əfv üçün müraciətlərdə dövlətin və cəmiyyətin maraqları əsas götürülür. Müraciət edənin davranışı, səhhəti, ailə vəziyyəti, ziyanın ödənib-ödənilməməsi kimi müəyyən kriteriyalar mövcuddur. Eyni zamanda zərərçəkənin mövqeyi də mütləq nəzərə alınır. Bu cür yanaşmalarda tələb olunan balans qorunur.
Bunu Teleqraf.com-a Əfv Məsələləri Komissiyasının üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.
Komissiya üzvü bildirib ki, hazırda cəzaçəkmə müəsisələrində 35-60 yaşarası qadınlar üstünlük təşkil edir:
"Komitə mütəmadi olaraq cəzaçəkmə müəssisələrində olan qadınlarla görüşlər təşkil edir. Onların müraciətləri nəzərə alınır və problemlərin həlli istiqamətində işlər həyata keçirilir. Eyni zamanda Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə birlikdə məhbus qadınlar üçün “açıq qapı” günləri təşkil olunur. Cəzası bitdikdən sonra həmin qadınların cəmiyyətə adaptasiyası, işlə təmin olunması üçün də zəruri addımlar atılır”.