24 Fevral 2021 13:10
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələ XX əsrin 30-cu illərində tanınmış psixoanalitiklər, bu sahənin mütəxəssisləri qeyd edirdilər ki, elmi baxımdan intihar nə səbəblərini, nə də empirik həllini tapmaq mümkündür. Artıq XXI əsrin 20-ci ilidir və buna cavab hələ də ya yoxdur və ya yetərli deyil. Günümüzün reallığı nədir? Əfsuslar olsun ki, hər gün bu və ya digər xəbər saytlarında, telekanallarda, radio dalğalarında intihar xəbərlərini eşidirik. İntihar özü-özlüyündə mürəkkəb bir anlayışdır. Hazırda bütün dünyanı narahat edir. Yerli və beynəlxalq təşkilatlar bu istiqamətdə bir sıra işlər görür.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib.

O qeyd edib ki, intiharın qarşısının alınması məqsədilə Beynəlxalq Assosiasiya Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə çağırışlar edir: "İctimaiyyəti bu gündə intihar nəticəsində itirilə biləcək insan həyatını xilas etmək məqsədilə məsuliyyət hissinin gücləndirilməsinə, bu istiqamətdə konkret tədbirlərə əl atılmasına səslənir. Ona görə də 10 sentyabr Ümumdünya intiharın qarşısının alınması günü elan edilib. Bir neçə il öncə, ÜST-ün hesabatında ildə 1 milyon insanın həyatına qəsd etdiyi və bu rəqəmin 1,5 dəfə artacağı proqnozlaşdırılır. ÜST-ün məlumatına görə, qlobal intiharların 70 faizdən çoxu aşağı və orta gəlirli ölkələrdə baş verib. Lakin inkişaf etmiş ölkələr üzrə statistika bu ölkələrdə də intihar hallarının artdığını göstərir. İsveç, Belçika, Yaponiya kimi inkişaf etmiş ölkələr siyahıda intihar sayına görə ilk 20-likdə qərarlaşıb. Hazırda intiharların səviyyəsinə görə Qərbi Avropa öndə gedir. Bu məsələ, Qərbi Avropada insanları, tədqiqatçıları düşündürür: nə üçün xoşbəxtlik və firavanlıq indekslərində ön yerləri tutan varlı ölkələrdə də intiharların sayı çoxdur? Cavablar müxtəlifdir".

Komitə sədri ölkəmizdə də əvvəlki illərlə müqayisədə intihar hallarının artmasından bəhs edib: “Dünyada intihar edənlərin təxminən 3,3%-i Azərbaycanın payına düşür. Region və keçmiş postsovet ölkələri sırasında Azərbaycan intihar səviyyəsinə görə ən axırıncı yerdədir. Tədqiqatçıların fikrincə, Azərbaycan, Qafqaz və Asiya ölkələri intiharların sayına görə digər ölkələrdən hər zaman fərqlənib. Bu ölkələrdə intiharların az olma səbəbi din, ailə ənənələri, qohumluq münasibətlər ilə əlaqəlidir. Çünki bu ölkələrin insanları daha istiqanlı, ünsiyyətcil, ailə üzvləri və yaxın ətrafına diqqətlidirlər. Kiminsə problemi olanda ona qayğı ilə, diqqətlə yanaşılır, həmin şəxsə kömək edirlər. Bu isə intiharların profilaktikasında önəmli amildir. İntiharın artması ümumi psixoloji əsəb gərginliyi ilə əlaqəlidir”.

Professorun sözlərinə görə, intihar hallarına bütün yaş qruplarında rast gəlinir: “Səbəblər də müxtəlifdir. Bura psixoloji, sosioloji, bioloji, ailə-məişət faktorları, genetik problemlərin olması aiddir. ÜST-ı intiharın 800 səbəbini göstərib. Bunlardan 41%-i “məlum deyil”, 19%-i “cəzalanmanın qorxusuna”, 18%-i “ruhi xəstəliyə”, 18%-i “evdəki qadağalara”, 6%-i “ehtirasa”, 3%-i “pul itkisinə”, 1,4% -i “həyatdan doyduğuna”, 1,2%-i “fiziki xəstəliyə” görə intiharları qeyd etmək olar. Eyni zamanda, unutmaq olmaz ki, bu il dünyada intiharların sayının artması səbəblərindən biri də pandemiyadır. Təcrid və qapalı şərait aildədaxili münasibətlərində müəyyən çətinliklər yaratdı. Ailə münaqişələrinin, məişət zorakılığı hallarının sayına təsir etdi”.

Hicran Hüseynova bildirib ki, insanların yaşına və sosial statusuna görə də onların özünü öldürmə səbəbləri müxtəlifdir: “İnsanın harada yaşamasından asılı olmayaraq, onun üzləşdiyi problemlər, xüsusilə, sosial -psixoloji problemlər demək olar ki, eynidir. Bu da bir faktdır ki, intihar edənlər arasında kişilər daha çoxdur. Belə ki, dünyada intihar edənlərin 63 faizi kişilər, 37 faizi isə qadınlardır. Son zamanlar isə intihar hallarının gəncləşməsi narahatedici məsələlərdəndir. İntihar hallarının azalması üçün əsasən maarifləndirmə işləri aparılmalıdır. Burada, müxtəlif vasitələrdən istifadə oluna bilər. Fikrimizcə, ilk növbədə KİV-də zorakılıq və ölüm səhnələrini əks etdirən seriallara, verlişlərə qadağa qoyulmalı və ya senzuradan keçməlidir. Orta məktəblərdə “məktəb psixoloqu” sosial təsisatın fəaliyyəti gücləndirilməlidir. Bir çox ailələrdə ünsiyyət probleminin olması da keçid yaş dövrünü yaşayan uşaqlarda psixoloji çətinliklər yaradır. Bunun qarşısının alınması üçün “məktəb psixoloqu” nun valideynlərlə mütəmadi olaraq işləməsi zərurəti yaranır. Digər bir məsələ isə insanların, xüsusilə, uşaq və gənclərin çox vaxt keçirdiyi internetdə “həyat”, “ölüm” və s. ilə bağlı yazıların, video çarxların olmasıdır. Bəzən belə məlumatlar onların düşüncələrini alt-üst edir. Həyatlarını arzuolunmaz istiqamətə yönəldir. Gələcəyə olan arzu və ümidlərini puç edir. Həyat eşqlərini söndürür. Ən pis halda isə, bütün problemlərdən azad olmaq üçün intiharın ən “düzgün” seçim olduğunu qəbul edilir. Bu mənada uşaqların və gənclərin asudə vaxtının təşkil edilməsi çox önəmlidir. Onların hansı məşğuliyyətlərə maraq göstərməsini müəyyən etmək və ya belə maraqların yaranması üçün lazım olan şərait və vasitələrdən istifadə etmək çox vacibdir”.

Millət vəkili təəsüflə bu gün gənc qızlar arasında intihar hallarını müşahidə etmək olduğunu söyləyib: “Əlbəttə ki, bu bizi düşündürür. Səbəb nədir? Ailədə qızların valideynləri ilə ünsiyyət problemi varmı? Həmin qıza ailənin bərabər üzvü kimi münasibət göstərilirmi? Ona öz arzu və istəkləri haqqında fikir bildirməyə imkan yaradılırmı? Onunla bağlı hər hansı bir qərar verdikdə, həmin qızın fikri öyrənilirmi? Əlbəttə, valideyn hər zaman övladına daha yaxşı həyatı arzulayır, ancaq bəzən özü də bilmədən səhvlərə yol verir. Və bu bir çox hallarda ailədaxili problemlərin yaranmasına səbəb olur. Ona görə də vacib məsələlərdən biri də valideyn-övlad münasibətlərində daha çox dostluq, yoldaşlıq, qarşılıqlı hörmət kimi faktorlara diqqət vermək lazımdır. Valideyn elə bir mühit yaratmalıdır ki, övladı hər zaman ona etibar etsin, öz problemlərini danışa bilsin, yalan danışmasın. Valideynlər üçün xüsusi maarifləndirici seminarların keçirilməsi, sosial çarxların hazırlanaraq telekanallarda yayımlanması məqsədəmüvafiq olardı. Hazırda bir sıra dövlət qurumları nəzdində və müxtəlif vətəndaş cəmiyyətləri tərəfindən maraqlı layihələr həyata keçirilir. İnsanlara ilkin psixoloji xidmət göstərilir. Lakin bu işi daha da gücləndirmək lazımdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər