9 Mart 2021 19:51
1 485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Elman Nəsirov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elman müəllim, sabiq Ermənistan prezidenti Robert Köçəryan son günlər yeni müharibə ilə bağlı fikirlər səsələndirir. Paşinyan iqtidarına qarşı ictimai dəstək ala bilməyən sabiq prezidentin Moskva görüşündən sonra belə bir çıxışla ictimaiyyətə müraciəti hansı amillərlə izah oluna bilər?

- Ermənistandakı bugünkü vəziyyət artıq pik həddə çatıb. İqtidar və müxalifət arasında amansız bir döyüş gedir. Artıq onlar bir-birini didməyə, məhv etməyə hazırdırlar. Müxalifətin, yəni revanşistlərin yeganə məqsədi Paşinyanın istefasıdır. Paşinyan isə heç bir halda istefaya getməyəcəyini açıqlayıb. Onu istefaya ancaq xalqın göndərə biləcəyini söyləyib. Paralel olaraq da açıqlayıb ki, xalq onu müdafiə edir. Belə vəziyyətdə Ermənistanın ikinci prezidentinə elə gəlir ki, siyasi ambisiyalarını reallaşdırmaq üçün münbit şərait formalaşıb. Amma buna baxmayaraq, vəziyyət heç də onun düşündüyü kimi deyil. 2018-ci ildə Ermənistanda ona görə inqilab oldu ki, hakimiyyətdə Serj Sərkisyan və R.Köçəryan var idi. Bu iki xunta rejiminin erməni xalqının başına gətirdiyi müsibətlər nəticə etibarı ilə inqilabı labüd etmişdi. R.Köçəryan çox gözəl bilir ki, erməni xalqının ona böyük nifrəti var. Belə halda onun hakimiyyətə növbəti dəfə qayıdışı yuxu hesab oluna bilər. Amma o, Ermənistandakı yeni reallığı nəzərə alaraq məsələlərin xeyrinə işləyə biləcəyinə ümid edir. Ancaq növbəti dəfə yanılır. O heç Moskvadan da lazımi dəstəyi almadı. Bu günə qədər Paşinyan Sorosun adamı kimi tanınırdısa, indi artıq Köçəryan onun yerini tutmağa çalışır. İndi Soros fondu Moskvadan əliboş qayıdan Köçəryanı müdafiə etməyə başlayıb. Köçəryan da yeni reallıqda şeytanın özü ilə də müttəfiqlik etməyə hazırdır. Bu gün özü üçün düşmən hesab etdiyi Paşinyanın dəstəkçiləri olmuş Soros fondu ilə Köçəryan çox ciddi əlaqələrə girməyə çalışır. Onun yeganə amalı hakimiyyətə gəlməkdir. Hadisələrin gedişi isə göstərir ki, Paşinyanın mövqeləri kifayət qədər güclüdür. O nə qədər səriştəsiz, bacarıqsız siyasətçi, kapitulyasiya imzalamış dövlət başçısı olsa da, hər halda hazırda Ermənistanda yeganə legitim hakimiyyət sayılır. Paşinyanın təşkil etdiyi mitinqə toplaşanların miqyası da göstərdi ki, erməni cəmiyyətində onun mövqeləri kifayət qədər güclüdür. O özünə inamlı olduğundan növbədənkənar parlament seçkiləri və referendum keçirilməsi ideyasını ortaya atır. Müxalifəti də bu ideyanı dəstəkləməyə təhrik edir.

- 10 noyabr razılaşmasını sabotaj etməklə R.Köçəryan eyni zamanda Rusiyanın da maraqlarını zərbə altına qoyur. Bütün bunların fonunda onun hakimiyyət iddiası necə reallaşa bilər?

- R.Köçəryan Ermənistanda hakimiyyətə gəlməyə iddialıdır. Hətta hakimiyyətə gələnə qədər də çox populist bəyanatlar verə bilər. 10 noyabr sənədindən də imtina edirik görüntüsü yaratmağa cəhdlər olunar. Özlərinin kompromistsiz, prinsipial siyasətçi obrazını formalaşdıra bilərlər. Amma reallıq isə başqa şeyləri diqtə edir. Həmin sənəddə Rusiya Prezidenti Vladimir Putinin imzası var. Sənədə imza atdıqdan sonra da V. Putin Ermənistanın bu sənəddən imtina etməsinin intihardan başqa bir şey olmadığını açıqlayıb. Yəni bu qədər aydın bir mövqe ortada olduğu halda Köçəryan kimilərinin hansısa bir dəyişiklik cəhdi sadəcə sözdə mümkün ola bilər. Digər yandan Köçəryanın hakimiyyətə gəlişi qeyri-mümkündür. Amma nəzəri baxımdan hesab etsək ki, Köçəryan hakimiyyətə gəlib, belə olan halda belə o, heç bir sənəddən imtina edə bilməyəcək. Çünki bu, onun özü üçün siyasi intihar ola bilər.

- YAP-ın VII qurultayında cənab Prezident İlham Əliyev Ermənistan tərəfinin Zəngəzur dəhlizi ilə bağlı süni əngəllər yaratdığını bildirdi. Qarşı tərəf bununla nəyə nail olmaq istəyir?

- Cənab Prezident YAP-ın VII qurultayında Zəngəzur dəhlizi ilə bağlı da məsələyə toxundu. Dövlət başçısı vurğuladı ki, 44 günlük müharibə nəticəsində Azərbaycan tarixi Zəfərə imza artıb. Dünyanın ən ağır və mürəkkəb problemi həll olunub. Ona görə də Zəngəzur dəhlizi ilə bağlı erməni tərəfinin süni əngəllər və maneələr yaratmaq cəhdi də heç bir nəticə verməyəcək. Bu cəhdlər növbəti dəfə uğursuzluğa düçar olacaq. Artıq 10 noyabr, 11 yanvar sənədlərinin icrası istiqamətində işlər gedir. Hər 3 dövlətin baş bazirlərinin müavinləri səviyyəsində 4 görüş keçirilib. Konkret işlər davam edir. Kimlərsə bullanıq suda balıq tutmağa çalışırsa, bu onların arzularıdır və reallıqla üst-üstə düşmür. Zəngəzur dəhlizi ilə bağlı məsələ öz müsbət həllini tapacaq. Buna heç kəsin şübhəsi olmasın. Cənab Prezidentin siyasi iradəsi ortadadır. Onun iradəsi ətrafında xalqın monolit birliyi göz qabağındadır. “Dəmir yumruq” isə öz yerindədir.

- Ermənistanda gərginlik hələ də davam edir. Ölkədə bundan sonrakı gedişatı necə dəyərləndirmək olar?

- Prinsip etibarı ilə Paşinyan Qərb üçün məqbul şəxs sayılırdı. Ermənistanda 2018-ci ildəki inqilabın olmasında da Qərbin rolu böyük olub. Ancaq indiki reallıqda Paşinyan Qərb istiqamətində siyasət həyata keçirmək iqtidarında deyil. O indi siyasi manevrlər həyata keçirir. Paşinyan daha çox Rusiyayönümlü istiqamət götürüb. Belə olan halda Qərb sadəcə olaraq bu proseslərdə reallıqla barışmaq məcburiyyətindədir. Qərbin Ermənistandakı proseslərə təsiri hələlik lazımi nəticəni vermir. Çünki indiki halda Rusiyanın Ermənistana təsir imkanları həmişəkindən daha çoxdur. Kapitulyasiya aktına imza atmış, ordusu darmadağın olmuş bir dövlətin özünə gəlməsində və düşdüyü fəlakətdən çıxmasında Rusiya amili böyükdür. Ona görə də Azərbaycan Prezidentinin altı tərəfli formatda irəli sürdüyü əməkdaşlıq münasibətləri nəticə etibarı ilə region dövlətlərinin maraqlarına xidmət edir. Ermənistan da özünü əməkdaşlıq mühitinin tərkib hissəsi hesab etsə, bu amil onun da mənafeyinə xidmət etmiş olar. Qərb dövlətlərinin isə burada güclü təsir imkan və potensialı yoxdur. Onlar daha çox öz problemləri ilə məşğuldur. Bu günləri ABŞ-ın yeni administrasiyası artıq siyasi kurs formalaşdırıb. Həmin kursa istinadən Qərb dövlətlərinin regionda və Ermənistanda baş verən proseslərə ciddi cəhdlə müdaxiləsi və təsiri görünmür. Bu proseslərdə Rusiya faktoru isə diqqətdən yayınmır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər