Belarusun Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov Gəncəyə səfər edib.
Teleqraf.com-un bölgə müxbirinin məlumatına görə, o, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb, şəhərin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan əraziləri ziyarət edib, Gəncə Avtomobil Zavodunda olub.
N.Bayramov səfir Andrey Ravkovu Gəncədə görməkdən məmnun olduğunu bildirərək, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb. Gəncəyə ilk dəfədir səfər etdiyini deyən diplomat, səmimi qəbula görə təşəkkürünü bildirib.
Görüşdə Azərbaycan - Belarus münasibətlərindən bəhs edilib, ölkələrimiz arasında mövcud olan sənaye, mədəniyyət, təhsil və digər sahələri əhatə edən əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, Gəncə Avtomobil Zavodu sənaye sahəsində Azərbaycan-Belarus əməkdaşlığının flaqmanıdır. İllərdir ki, bu zavod traktor, avtomobil, kommunal texnika və xüsusi texnikanın yığılması əməliyyatlarının həyata keçirilməsində Belarusun texnika istehsalı üzrə aparıcı müəssisələri ilə fəal əməkdaşlıq edir.
Səfir diplomatik fəaliyyəti müddətində bir çox sahələri əhatə edən ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
Andrey Ravkov görüşdən sonra Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan ərazilərə baş çəkib. Niyazi Bayramov səfirin nəzərinə çatdırıb ki, Vətən müharibəsi dövründə Ermənistan ordusu Gəncəni 5 fərqli gündə - 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində bir neçə dəfə raket atəşinə tutub. Nəticədə aralarında uşaq və qadınların da olduğu 26 mülki şəxs həlak olub, 120-ən çox dinc sakin yaralanıb. Çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Belarus səfiri Ermənistanın törətdiyi hərbi cinayətlərin izləri ilə yerində tanış olub, həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, tamamilə dağılmış yaşayış binasının ətrafına gül dəstəsi düzüb. O, baş verən hadisələrdən məyus olduğunu bildirərək mülki əhaliyə yönələn terror aktlarını pisləyib.