Millət vəkilləri öz qiymətini çıxışlarında bildirdi. Deputatların dediyi fikir və təkliflər hökumət tərəfindən diqqətlə araşdırılacaq, təhlil olunacaq. Eyni zamanda mümkün olan problemlər həllini tapacaq.
Teleqraf.com xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsinin yekunlarına dair çıxışında deyib.
Baş nazir ümid edib ki, 2021-ci ildə hökumətlə Milli Məclis arasında əməkaşlıq davam edəcək:
"Bəzi deputatlar seçildiyi dairələrdən seçicilərin təkliflərini hökumətin diqqətinə çatdırdı. Qiymətlərin bahalaşması haqda fikirlər oldu. Bildirmək istərdim ki, hökumət də bu məsələni daima nəzarətdə saxlayır və imkanlarından istifadə edərək ciddi məşğul olacaq. Anti-İntihisar Xidməti gündəlik monitorinq aparır. Qiymət artımını yanacağın qiymətinin bahalaşması ilə bağlayanlar da var. Bunun təsirləri var, amma nəzərə alınmalıdır ki, subsidiya formasında fermerlərə və nəqliyyat vasitələrinə maliyyə ayrılıb”.
Əli Əsədov bildirib ki, qaz xətlərinin çəkilişi, yol çəkilişi və məktəb tikintisinə dair məsələlər də gündəmə gətirilib:
“Bu, bütün hökumətlərin, indiki hökumətin qarşısında duran məsələdir. İnvestisiya proqramı da nəzərə alınacaq. Bizim hamımızın bir arzusu olub ki, Qarabağ azad edilsin, ora qayıdaq. Maksimum çalışacağıq ki, bu işlər balanslı şəkildə həyata keçirilsin”.
Baş nazir qeyd edib ki, qaz verilən yerlərin sayı artırılacaq:
"Hansı rayonda, kəndlərdə olacağı barədə məlumat veriləcək. Mən hökumətin adından bildirmək istəyirəm ki, qaldırdığınız suallara cavablar qısa müddət ərzində sizə çatdırılacaq”.
Qeyd edək ki, baş nazirin çıxışından sonra hökumətin hesabatı qəbul edilib.