Bu təltif mənim üçün uzun illər ərzində miqrasiya sahəsində həyata keçirdiyim fəaliyyətə verilən ən yüksək qiymətdir.
Teleqraf.com xəbər verir ki, bunu miqrasiya məsələləri üzrə ekspert, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov bildirib.
O, ölkə prezidentinə təşəkkür edib: ”Təşəkkür edirəm, Ali Baş Komandan! Var olun, cənab Prezident”.
A.Allahverənov daha sonra deyib:
“Mən də öz növbəmdə bu təltifin məsuliyyətindən irəli gələrək Azərbaycanda miqrasiya siyasətinin həyata keçirilməsində bütün səy və bacarıqlarımı əsirgəməyəcəyimə, miqrasiya sahəsində daha əzmkarlıqla fəaliyyət göstərəcəyimə söz verirəm. Təltif olunmağımda əməyi keçən bütün məsul şəxslərə dərin minnətdarlığımı bildirir, ən xoş arzularımı çatdırıram”.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı Azərbaycan Respublikasında miqrasiya sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncama əsasən miqrasiya sahəsində uzunmüddətli fəaliyyətinə və vətəndaş cəmiyyəti institutları ilə dövlət qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsində xidmətlərinə görə Azər Kərim oğlu Allahverənov “Tərəqqi” medalı ilə təltif edilib.
Azər Allahverənov Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, sosial elmlər üzrə fəlsəfə doktorudur.