“Təəssüf ki, son günlər Azərbaycanda virusa yoluxanların sayında artım müşahidə olunur. Rəqəmlər minə yaxınlaşır. Gün ərzində sağalanların sayı yoluxanların sayından qat-qat aşağıdır. Sutka ərzində koronovirusdan vəfat edənlərin sayı da çoxalıb. Əlbəttə, bu, arzuolunmaz duruçdur”.
Bunu Teleqraf.com-a Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva deyib.
Deputatın sözlərinə görə, Azərbaycanda koronavirusun yeni növü olan Britaniya ştammının tapıldığı bildirilir: “Martın 19-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi gözlənilir. Yəqin ki, brifinqdə sərtləşmənin olub-olmaması, hansı şərtlər daxilində qərarlar qəbul olunması haqqında Operativ Qərargah əhaliyə geniş məlumat verəcək”.
Kamilə Əliyeva deyir ki, dünya hələ də COVID-19 virusundan qurtulmayıb: “Elə bir ölkə yoxdur ki, orada koronavirus tam sıfırlansın, sonra yenidən ikinci və yaxud üçüncü dalğa başlasın. Bu virus hələ də davam etməkdədir. Hesab edirəm ki, ikinci, üçüncü dalğadan danışmağın yeri yoxdur. Bu, mənim subyektiv fikrimdir”.
Azərbaycanda Britaniya ştammının olmasına gəlincə, Kamilə Əliyeva təhlükənin daim olduğunu vurğulayıb: “Hələ ki dünyada koronavirus tüğyan edir. Nəzərə alaq ki, bir sıra dövlətlər vaksinasiya prosesinə başlaya bilməyib. Peyvəndləmə heç də bütün dövlətlərdə yüksək səviyyədə getmir. Ancaq sevindirici haldır ki, Cənubi Qafqazda Azərbaycan ilk peyvəndləmə aparan dövlət oldu. Deyə bilərəm ki, proses bu gün də uğurla davam edir. Bu gün əhalimiz qeydiyyatda olduğu poliklinikalara könüllü müraciət edirlər. Əlbəttə, peyvəndləmə bizim yeganə çıxış yolumuzdur ki, virusa yoluxmaqdan özümüzü qorumuş olaq”.
Deputat sosial məsafə, gigiyenik təmizlik, maska taxmaq qaydalarının diqqətdə saxlamağın vacibliyini vurğulayıb: “İstənilən zaman vəziyyət daha da ciddiləşə, rəqəmlər daha da arta bilər. Novruz bayramı ərəfəsindəyik. Qərara əsasən 9 gün qeyri-iş günüdür. Milli adət-ənənəmizə görə, bu bayramda yaxın qohumlar bir-biri ilə bayramlaşır. Bu baxımdan Novruz bayramında virusun artma ehtimalı çox yüksəkdir. Vətəndaşlardan xahiş edərdim ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlara, tövsiyələrə ciddi əməl etsinlər”.