Badamdarda üçüncü massivdən yuxarıdakı yaşayış ərazisində 3000-dən çox ev var.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi "Azərinşaat" Layihə İnstitutunun Geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev deyib.
Onun sözlərinə görə, həmin evlərin kanalizasiya sistemi tam formalaşmayıb:
"Burada əhali irihəcmli şambolardan istifadə edir. Ərazi geoloji cəhətdən çatlı əhəng daşlarıdır. Şambolarda olan sular yeraltı suların qidalanmasına səbəb olur.
Yeraltı suların əmələ gəlməsi yamacda basqıların formalaşmasına və sürüşməsinə gətirib çıxarır. Hazırda ərazidə quraşdırılan drenaj quyuları nasosla işləmir və öz axımı ilə həyata keçirilir. Drenaj quyularındakı sular aşağı hissədə drenaj sisteminə axıdılır".
Şöbə müdiri bildirib ki, hazırda "Azərsu" ASC tərəfindən ərazidə kanalizasiya sistemi qurulur:
"FHN-nin iştirakı ilə çalışılır ki, kanalizasiya sistemi buradakı bütün ərazini əhatə etsin və sürüşmənin qarşısı qismən də olsa alınsın".