Ombudsmanın 2020-ci il üçün məruzəsi geniş, əhatəli və sistemlidir. Bu məruzədə Ombudsmanın 44 günlük müharibə zamanı bölgələrdə faktaraşdırıcı missiyası və beynəlxalq qurumlarla apardığı işi müsbət hesab edirəm.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin iclasında Ombudsmanın illik məruzəsi ilə bağlı çıxış edən deputat Əli Məsimli deyib.
Millət vəkili bildirib ki, COVID-19 pandemiyası səbəbindən Ombudsman institutunun müraciətləri elektron şəkildə qəbul etməsi müsbət hadisədir:
“Bu müraciətlərin artması Ombudsmanın məruzəsinin kəsərli olması ilə yanaşı, irəli sürdüyü 30-dan çox təklifin ortaya çıxmasında əhəmiyyətli rol oynayıb. Cəmiyyəti narahat edən bir sıra problemlərin sənəddə əks etdirilməsi bu problemlərin həllini vacib edir".
Deputat çıxışı zamanı bəzi təkliflərlə çıxış edib:
"Deyib ki, deputat kimi onlara da daha çox müraciətlər iş yerləri ilə bağlıdır. Bu məsələdə etinasızlığın aradan qaldırılması lazımdır. Eləcə də şəhid ailələri və qazilərlə bağlı problemlər həll edilməlidir. Biz onlara borcluyuq. Bu həm də insanlıq məsələsidir. Həmkarım Aqil Abbasın qaldırdığı məsələyə qoşuluram".
Əli Məsimlinin digər təklifi ünvanlı sosial yardımla bağlı olub:
“Ehtiyac meyarından aşağı gəliri olan insanlar belə yardım almalıdır. Bu məsələdə fərqli yanaşma olmamalıdır. Autim sindromu olan uşaqlara münasibətdə biganəliyin aradan qaldırılması istiqamətində addımlar atılmalıdır. Belə uşaqlara verilən müavinətlər məsələsinə baxmaq, onları qayğı ilə əhatə etmək lazımdır”.
Deputat əlavə edib ki, Ombudsmanın məruzəsinin sonunda irəli sürülən təkliflərdə həm də qanunvericilikdə müəyyən dəyişiklikləri təklif edib:
“Məsələn, pensiya yaşına çatmayan kişilərin 7, qadınların isə 10 il qalmış işdən çıxarılmasının qadağan edilməsinə dair maddənin qanunvericiliyə salınması yaxşı təklifdir”.