3 Aprel 2021 13:51
1 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik.

– Bəhruz müəllim, qardaşınız, Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyevin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanıldığına dair məlumat yayılıb. Bu barədə nə deyə bilərsiniz?

– Əvvəla onu deyim ki, Rasim Quliyev uzun müddət xalq hərəkatında olub. Xalq hərəkatı dövründə tələbə hərəkatının aktiv liderlərindən biri kimi SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən dəfələrlə millətçi adı ilə təqib, təzyiqlərə məruz qalıb və dəfələrlə siyasi mövqeyinə görə qısamüddətli həbs olunub. O dövrdə Ulu öndər Heydər Əliyevin qatı tərəfdarı kimi siyasi fəaliyyət göstərib, “yaş senzinin ləğvi” ilə bağlı mitinqlərdə aktiv iştirak edib. 1992-ci ilin 30 dekabrında AXC-Müsavat hakimiyyəti tərəfindən həbs edilib. 1993-cü ilin yanvar-fevral aylarında ölkədə demokratiyanın, insan haqlarının, söz azadlığının bərqərar olunması tələbi ilə həbsxanada aclıq aksiyası keçirib. Aclıq aksiyası o dövrün kütləvi informasiya vasitələrində – qəzetlərdə, radiolarda geniş şəkildə beynəlxalq təşkilatlara çatdırılıb. Bütün beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanıyıb. Sonrakı dövrdə mətbu və siyasi fəaliyyətlə məşğul olub. 2001-ci ildən Bakı Şəhər İcra Hakimiyyəti aparatına başçılıq edib. 2018-ci ildə Bakı Şəhər İcra Hakimiyətinə yeni rəhbər gələndən sonra o, öz ərizəsi əsasında könüllü şəkildə işdən çıxıb. Siyasi karyerası dövründə sonrakı dövrdə “Resurs” analitik-informasiya mərkəzinin rəhbəri olub. Dövlətə, dövlətçiliyə xidmət edən analitik mərkəzin rəhbəri kimi dövlət siyasətinin, ideologiyasının tərənnümçüsü olub.

Bu gün isə iddia olunur ki, o, Cinayət Məcəlləsinin 314-2.3 maddəsi, yəni dövlət sənədləşməsinin düzgün aparılmamasına görə müvəqqəti olaraq saxlanılıb. Yəni barəsində 3 ay müddətinə həbs qət-imkan tədbiri seçilib. Biz sözsüz ki, apelyasiya şikayəti verəcəyik. Əminəm ki, məhkəmə tərəfindən belə deyək, düzgünlüyün, haqq-ədalətin öz yerini tapmasına dair qərar veriləcək.

– Belə başa düşdük ki, siz irəli sürülən ittihamla razı deyilsiniz...

– Razı deyilik, əlbəttə razı deyilik. Bu səbəbdən də apelyasiya şikayəti veriləcək. Əminəm ki, ədalət öz yerini tapacaq. Bu maddə ilə həbs nəzərdə tutulmayıb. Amma faktiki olaraq saxlanılıb. Ona görə də onun saxlanılması ilə bağlı verilən qərar mən elə bilirəm ki, ədalətsizdir.

– Nə vaxt həbs olunub?

– Dünən. Məhkəmə iclası dünən qapalı keçirilib. Biz həftənin bazar ertəsi günü apelyasiya şikayəti verəcəyik. Apelyasiya Məhkəməsində həqiqət öz yerini tapacaq.

– Amma mətbuatda Rasim Quliyevin həbsi ilə bağlı yayılan məlumatda onun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yol verdiyi korrupsiya əməllərinə görə saxlanıldığı bildirilib...

– Korrupsiya və rüşvətxorluq yoxdur. 314-2.3 maddəsi üzrə cinayət əməlində ümumiyyətlə korrupsiya və rüşvətxorluq yoxdur. Burada söhbət ancaq sənədlərin düzgün aparılmamasından gedir. Rasim Quliyev korrupsiya və rüşvətxorluq maddəsi ilə ittiham olunmur. Yəni bu adam nə korrupsionerdir, nə də rüşvətxor.

– Yalnız bir maddə ilə itiham olunur?

– İki maddədir – ikisi də sənədləşmə ilə bağlıdır. Biri 314-2.3, digəri 308.2-ci maddələridir. Hər ikisi sənədləşmənin düzgün aparılmamasıdır. Rüşvətxorluq və korrupsiya məsələsi yoxdur.

Qeyd: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-2-ci maddəsi qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ilə bağlı cinayətlərə görə cəzanı nəzərdə tutur. 314-2.3 maddəsi (Bu Məcəllənin 314-2.1 və 314-2.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda) üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

308.2-ci maddədə isə deyilir: “Bu Məcəllənin 308.1-ci maddəsi ilə (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər