Ramazan ayının başlanması ilə insanların daha çox bir yerə toplaşması mümkün ola bilər. Çünki bu ayın özünəməxsus müəyyən mərasimləri var. İftar məclislərinin təşkili və digər ayinlər mövcuddur. Ötən il olduğu kimi bu il də orucluq ayı pandemiya şəraitinə təsadüf etdi. Ona görə də insanlarımızın sağlamlıq naminə diqqətli olmaları tövsiyə olunur.
Bunu Teleqraf.com-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi üzvü, ilahiyyatçı alim Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, insanların mümkün qədər kütləvi iftar məclislərindən uzaq durmaları məsləhətdir:
“Hazırda ağır pandemiya qaydalarına görə, məscidlər açıq ibadətlərə bağlıdır. Amma insanlar öz evlərində istədikləri formada ibadətlərini edə bilər”.
Deputat insanların kütləvi tədbirləri, dini qaydaları bu il də bir qədər məhdud səviyyədə icra etmələrinin ümumi insanlıq üçün şərt olduğunu bildirib:
“İndi bir sıra müsəlman ölkələrində bununla bağlı konkret qadağalar, məhdudiyyətlər var. Artıq qardaş Türkiyədə orucluq ayı ilə bağlı müəyyən sərt tədbirlər görülür. Digər müsəlman ölkələri də müvafiq qərarlar qəbul edir. Azərbaycanda da insanlarımızın bu ayı daha çox fərdi qaydada qeyd etmələri tövsiyə olunur. Çünki bu virus insanların kütləvi olduğu yerlərdə daha çox yayılmağa başlayır. Dini qaydalara görə, iftarlar verilməsi, məscidlərdə bayram namazlarının qılınması savab sayılsa da, insanlarımızın ümumi sağlamlıq naminə buna da anlayışla yanaşacaqlarına əminik”.