13 Aprel 2021 21:27
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

30 ilə yaxın işğalda qalan ərazilərimiz dövlətimizin gücü, Ali Baş Komandanın iradəsi ilə düşmən tapdağından azad edildi. Azərbaycan xalqı XXI əsrdə milli mübarizə, birlik nümunəsi ortaya qoydu. Bütün dünya xalqımızın gücünə, müqəddəs amal uğrunda mübarizə əzminə şahidlik etdi. Mənfur düşmənin illərdir formalaşdırdığı “məğlubedilməzlik” sindromu darmadağın oldu. Azərbaycan əsgəri düşməni ən ağır şəkildə cəzalandırdı. Bu günlərdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakıda açılan Hərbi Qənimətlər Parkı Azərbaycanın müasir hərb tarixininin ən parlaq nümunələrini özündə əks etdirən tarixi bir güşədir.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, Azərbaycan xalqı intiqamını düşməndən döyüş meydanında aldı:

“Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, igidlərimiz öz canlarını Vətən uğrunda qurban verdilər. Torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Şəhidlərimizin intiqamı döyüş meydanında alındı. Onların qanı yerdə qalmadı. Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanı döyüş meydanında alındı. Günahsız insanlara, Xocalı qurbanlarına, digər mülki şəxslərin intiqamına görə düşmən döyüş meydanında cavab verməli oldu”.

Millət vəkili qeyd edib ki, qəhrəman və peşəkar Azərbaycan Ordusunun mənəvi üstünlüyü danılmaz faktdır:

“44 günlük Vətən müharibəsi xalqımızın gücünü, iradəsini, birliyini nümayiş etdirdi. Azərbaycan xalqı bu vəziyyətlə barışmayacağını bir daha ortaya qoydu. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində bir dəfə də geriyə addım atmadı. Ermənistan isə 44 günlük müharibədə bir dəfə də uğurlu əməliyyat apara bilmədi. Güclü Ordumuzun qarşısında aciz qalan düşmən ancaq fərarilik edə bildi”.

Cavid Osmanova görə, İkinci Qarabağ müharibəsi xalqımızın şanlı tarixidir:

“Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Ermənistan isə məğlub edilmiş ölkədir. Böyük Qələbə Azərbaycan dövlətinin hərbi gücünün təzahürüdür. İkinci Qarabağ müharibəsi dövlətimizin gücünü, müasirliyini də nümayiş etdirdi. Çünki Azərbaycan 44 günlük Vətən savaşında XXI əsrin müharibəsini apardı. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında peşəkarlıq, məharət, güc, hərbi elm qoyuldu. Ona görə də bu gün Azərbaycan Ordusunun təcrübəsi və hərbi strategiyası beynəlxalq ekspertlər tərəfindən öyrənilir. Artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlar, uğurlar təhlil edilir. Faktdır ki, artıq bir sıra aparıcı dövlətlər II Qarabağ müharibəsindəki taktiki gedişləri təhlil edir və öz hərb doktirinalarında dəyişikliklərlə bağlı fikirlər bildirirlər. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənir. Çünki bu Azərbaycan xalqının XXI əsrdə ortaya qoyduğu yeni bir hərb strategiyası və müharibə modeli idi”.


Müəllif: Tapdıq Qurbanlı