30 Oktyabr 2014 15:48
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qabil Hüseynli: “Bir neçə ildən sonra Ermənistanı heç kəs xilas edə bilməyəcək”

"Serj Sərkisyan Paris görüşündən sonra Kremlə zəng edib və son durumu onlara izah edib. O, indi Moskvadan göstəriş, təlimat gözləyir".

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Parisdə apardığı danışıqlardan sonra yaranmış duruma münasibət olaraq bildirib.

Q.Hüseynliyə görə, Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Paris görüşündən sonra İrəvandakı çıxışında səsləndirdiyi fikirlər pozuculuqdan başqa bir şey deyil: "Nalbandyan bildirib ki, guya Azərbaycan təmas xəttindən snayperlərin geri çəkilməsi ilə bağlı təklifi qəbul etmir və bununla da danışıqlara zərbə vurur. O, görüşü "konstruktiv, faydalı və səmimi" adlandırıb. Amma onun bu açıqlaması demokratiyanın, sülhpərvərliyin imitasiyasıdır. Bu mənada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun cavabı yerinə düşdü. O bildirdi ki, Ermənistan qoşunları Azərbaycan ərazilərində olmadığı halda, snayperlərə ehtiyac qalmayacaq və əsaslı şəkildə hərbi insidentlər azalacaq.

Məsələnin əsas mahiyyəti bundadır ki, Ermənistan Böyük Sülh Sazişi üzərində işləməyə razı deyil. Rəsmi Bakı təklif edir ki, bu günə qədər əldə olunan razılaşmaların icrasına başlanılsın. Yəni qoşunlar təmas xəttindən geri çəkilsin, işğal altındakı torpaqlar silahlılardan təmizlənsin, qaçqınlar yurd-yuvalarına qayıtsınlar".

Q.Hüseynli qeyd etdi ki, növbəti görüşün 2015-ci ilin sentyabr ayında Nyu Yorkda keçirilməsi barədə razılığa gəlinməsinin özü düşündürücüdür: "Bu təxminən bir ilə qədər vaxt deməkdir. Dağlıq Qarabağ kimi bir münaqişənin həlli üçün 1 il uzun müddət hesab olunur. Hələ biz bilmirik ki, Nyu Yorkda razılıq əldə olunacaq, ya yox. Bu cür görüşlər intensiv keçirilməlidir ki, tərəflər mövqelərini uzlaşdıra bilsinlər, koknret addımlar üçün təzyiqlər işə yarısın. İkincisi, növbəti görüşlərin məhz ABŞ-da keçirilməsi təqdirəlayiqdir. Hər kəs bilir ki, Ermənistan danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirir. Sarkisyanın Qərbdən ümidi kəsilib. Hətta fransalı dostu da ona kömək edə bilmir. Həm də ölkə daxilində vəziyyət ağırdır, xalq ayağa qalxıb, onu istefaya çağırırlar. Digər tərəfdən, Rusiya özünümüdafiə ilə məşğuldur. Bir neçə ildən sonra Ermənistanı heç kəs xilas edə bilməyəcək. İndi Ermənistan çalışır ki, 7 rayonun azad olunması istiqamətində qərar qəbul olunsun və eyni zamanda status məsələsində razılığa gəlsinlər. Onların yanaşması çox destruktivdir. Sərkisyan öncədən də bilir ki, Azərbaycan tərəfi onun təkliflərini qəbul etməyəcək".

Ayxan


Müəllif:

Oxşar xəbərlər