1 May 2021 15:59
2 860
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Serj Sərkisyan etiraf etdi ki, Aprel döyüşlərindən sonra istər Rusiyanın, istərsə də Qərbin ona olan münasibəti dəyişib”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

Ekspert Ermənistanın eks-prezidentinin səsləndirdiyi fikirlərə diqqət çəkib: “Ermənistanın sabiq prezidenti, Xocalı qatili, 44 günlük savaşda vaxtilə özü kimi müharibə caniləri ilə birlikdə qurduğu ordusu darmadağın edilmiş Serj Sərkisyan “Armnyus” agentliyinə müsahibəsində hakimiyyətinə son qoyulmasının səbəblərindən danışıb. Şübhəsiz ki, kütbeyinliklə hiyləgərliyin sintezindən ibarət klassik erməni həyasızlığının unikal nümunələrindən olan Sərkisyanın müsahibəsinin bütün detallarına diqqət çəkməyə nə vaxtım, nə də həvəsim var. Sadəcə onun Ermənistan ordusu haqqındakı miflər kimi darmadağın olan vəziyyətini, həmçinin sürüşkən mahiyyətini ortaya qoyan məqamlara toxunmaq istəyirəm.

Beləliklə, kölə psixologiyalı Serj Azatoviç deyir:

“Məndən tez-tez kimin dəstəyilə hakimiyyətdən getdiyimi soruşurlar. Cavab sadədir: Ermənistanla bağlı təsəvvürləri bizim təsəvvürlərimizlə üst-üstə düşməyən bütün qüvvələrin. ...17 apreldən, yəni mən baş nazir seçildikdən sonra Rusiya, Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı rəhbərliyindən çoxlu sayda təbrik aldım. Onların bəyanatları (təbrikləri) müəyyən qədər ehtiyatlı idi. Bütün hallarda bu bəyanatlar müharibədən (2016-cı ilin aprel döyüşlərindən) əvvəlki yanaşmalardan fərqlənirdi.

Əlbəttə, biz onların (Rusiya və Qərbin) idarə etdiyi qüvvələrin davranışlarında müəyyən problemlər görürdük. Səbəblərin nədən ibarət olduğunu söyləmək çətindir. Mən ehtimal edə bilərəm. Ola bilsin, az zaman keçdiyi üçün vaxt azlığından dəqiq bilmək mümkün deyil. Bəlkə də bizim “Dağlıq Qarabağ münaqişəsi”ndəki inadkarlığımızla bağlı idi. Hər kəs əmin idi ki, bizim kompromislər nəticəsində əldə etmək istədiyimiz minimumla bağlı “qırmızı xətt” mövcuddur. Bəlkə də belə yanaşma bəzi qüvvələr üçün əlverişli olmayıb”.

Özünü tülkülüyə vuran bu klassik taxtabaş hakimiyyətdən gedişinin səbəblərini, “israrlı mövqeyi” ilə əsaslandırmağa çalışsa da, alınmır və hakimiyyəti dövründəki real mənzərəni ortaya qoyur. Etiraf edir ki, Aprel döyüşlərindən sonra istər Rusiyanın, istərsə də Qərbin ona olan münasibəti dəyişib. Amma bunun səbəblərini açıqlamır. Guya vaxt azlığı var və bu səbəbdən yalnız ehtimallarını, həm də çox ehtiyatla irəli sürə bilər.

Halbuki 2016-cı ilin Aprel döyüşlərindən 5 il vaxt keçir. Əgər Sərkisyan 5 ili hakimiyyətdən getməsinin səbəblərini dəqiq müəyyənləşdirmək üçün “az vaxt” hesab edirsə, o zaman problemi zamanda deyil, öz qavrama qabiliyyətində, başında axtarmalıdır”.

Elçin Mirzəbəyli qeyd edib ki, Aprel döyüşlərindən sonra Serj Sərkisyana Rusiyanın və Qərbin münasibətinin dəyişməsinin əsas səbəbi hərbi əməliyyatların dayandırılması qarşılığında onun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir:

“Yəni Serj Azatoviç 2016-cı ilin aprelində Rusiyaya və Minsk Qrupunun digər həmsədrlərinə yalvarmışdı ki, Azərbaycan əks-hücum əməliyyatlarını dayandırsın və bunun da qarşılığında onların vasitəçiliyi ilə üzərinə öhdəlik götürmüşdü, Ermənistanın işğalı altında olan rayonların konkret qrafik üzrə azad ediləcəyini vəd vermişdi. Amma sonra Serj keçmiş hərbi cani yoldaşlarından ibarət “Sasna Çrer”çilərin “terror aksiyası”nı səhnələşdirərək vaxt istəmiş, daha sonra isə vaxtı müxtəlif bəhanələrlə baş nazir seçilənədək uzatmışdı. Yəni Serj Rusiyanı, ABŞ-ı, Fransanı və Minsk Qrupunun digər üzvlərini, bütün dünyanı aldadatdıqdan sonra hakimiyyətdə qalacağını düşünmüşdü. Hər halda müsahibəsindən belə görünür.

“Şərikli çörək” filmində deyildiyi kimi: “Hamını aldadıb... Uşaqda fərasətə bax e...”. Amma sonra vəzifədən elə qovuldu ki, düz 5 ildir özünə gəlib səbəbləri haqqında düşünə bilmir.

Sərkisyan bütün müsahibəsi boyu iddia edir ki, o güclü adamlara, böyük qüvvələrə məğlub olub. Sitat: “Bəli, mən onlara yox, dəfələrlə güclü adamlara, dəfələrlə böyük qüvvələrə məğlub olmuşam”.

Qeyd edim ki, həm Robert Köçəryanın, həm də Serj Sərkisyanın açıqlama və müsahibələrindən onların Prezident İlham Əliyevin “Kəçəryan, Sərkisyan, hərbi cinayətkarlar, Xocalı qatilləri, biz sizi məhv etmişik” sözlərinin altında necə əzildikləri açıq-aşkar sezilir. Bütün fəaliyyətlərinin ana xəttini əzilmiş, darmadağın edilmiş cinayətkar təkəbbürlərinin xilası təşkil edir. Susmaq, ayıblarına lal olmaq əvəzinə danışırlar və danışdıqca da batırlar.

Öncə həm Qərbin, həm də Şimalın hakimiyyətdə olduğu son aylarda ona münasibətinin dəyişdiyini dilə gətirən, sonra isə onlara deyil, reallığı cəm şəklində ifadə edərək “daha güclü adamlara və daha böyük qüvvələrə” yenildiyini deyən Serj Azatoviç əslində ünvanı dəqiq bilir. Onun və bütün müharibə cinayətkarlarının, Ermənistan ordusunun yenildiyi daha güclü adam Prezident İlham Əliyev, daha güclü qüvvə isə Azərbaycan xalqı, dövləti və ordusudur”.


Müəllif: Mənsur Rəğbətoğlu