10 May 16:54
228

“Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətləri olub. Ulu Öndər hələ sovet dönəmində ölkəmizə rəhbərlik etdiyi vaxt Azərbaycanı digər respublikalar içərisində ilk üçlüyə qaldıra bilmişdi. Bütün yarışlarda və eləcə də iqtisadi planlaşmalarda Azərbaycan ön cərgələrdə oldu. Rusiya, Ukrayna kimi böyük ölkələrlə yanaşı, Azərbaycan da dotasiyadan kənar yaşayan və özünü idarə edə bilən bir respublikaya çevrildi. Bir sözlə, Heydər Əliyev hakimiyyətdə olduğu dönəmdə qurub-yaratdığı dövlətlə müstəqil Azərbaycanın təməli qoyuldu”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Keçmişə nəzər salan millət vəkili deyir ki, SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun həyata keçirdiyi siyasət Ulu Öndər tərəfindən heç vaxt dəstəklənməyib: “Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq, Heydər Əliyev 1987-ci ilin oktyabrında tutduğu vəzifələrdən istefa vermişdi. 1990-cı ildə azərbaycanlılara qarşı törədilən 20 Yanvar faciəsi ilə əlaqədar olaraq Sovet İttifaqı Kommunist Partiyasından çıxaraq Moskvadakı Azərbaycan nümayəndəliyinə gedən Heydər Əliyev media qarşısında rəhbərliyin fəaliyyətinə qarşı çıxır və törədilmiş cinayəti pisləyir.

1993-cü illərdə Heydər Əliyevin fəaliyyəti Naxçıvanla bağlı olub. Bu dövrdə o, Naxçıvan Muxtar Respublikasına rəhbərlik edir. Həmin dönəmdə Dünya azərbaycanlılarının həmrəylik günü – 31 Dekabr qəbul edildi. Azərbaycanın üçrəngli bayrağı ilk dəfə Naxçıvanda qaldırıldı. Daha sonra blokada şəraitində olan Naxçıvanın qorunub saxlanması və inkişaf etməsi üçün çox mühüm addımlar atdı. Ən vacibi 1992-ci ilə Yeni Azərbaycan Partiyasının (YAP) əsası məhz Naxçıvan şəhərində qoyuldu. 1993-cü ildə xalqın təkidi ilə Gəncə hadisələrindən sonra Bakıya gələn Heydər Əliyev Milli Məclisə rəhbərlik etdi. Prezidentin səlahiyyətlərini icra etməyə başlayan Ümummilli lider daha sonra ümumxalq səsverməsində Azərbaycan Prezidenti oldu”.

Naqif Həmzəyev qeyd edir ki, Heydər Əliyevin Prezidentliyi dövründə Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, iqtisadi inkişafa nail olunması, işğal olunmuş torpaqların azad edilməsi yönündə çox vacib addımlar atıb: “1994-cü il sentyabrın 20-də Bakıda öz müstəsna əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını almış müqavilə bağlandı. “Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilə bugünkü nailiyyətlərimiz üçün çox vacib bir addım idi.

Daha sonra 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında Azərbaycan Konstitusiyası qəbul edilidi. Bununla yanaşı, latın əlifbasına keçid tamamlandı, Ana dili inkişaf etdirildi, ölkədə iqtisadi inkişafa nail olundu. Bir sözlə, bu gün Azərbaycanın var olması birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan xalqı Ulu Öndərə həmişə borcludur. Nə qədər ki, Azərbaycan var, Ulu Öndər Heydər Əliyev də var olacaq. Həmişə biz Heydər Əliyevi fəxrlə, sevgiylə yad edəcəyik. Bu gün sevinirik ki, Ulu Öndərin edə bilmədiyini və bizlərə vəsiyyət qoyub getdiyi bütün işləri Prezidentimiz İlham Əliyev reallaşdırır. Şükürlər olsun ki, bu il Ulu Öndəri sevinclə yad edərik. Çünki Azərbaycan ərazi bütövlüyünü bərpa edə bildi və işğal altında olan torpaqları azad etdi. Biz Ulu Öndərimizi sevirik və həmişə də sevəcəyik”.


Müəllif: Yeganə Oqtayqızı