Qalyubiyyə vilayətinin Qanatır əl-Xeyriyyə şəhərində yerləşən Misir-Azərbaycan Dostluq parkında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Teleqraf.com xəbər verir ki, Misir-Azərbaycan Dostluq parkında Ulu Öndərin heykəli önündə keçirilən xatirə tədbirində Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşları, Diaspor Təşkilatları Birliyi - “Vətənpərvər”in üzvləri, azərbaycanlı iş adamları və tələbələr, Misirin KİV-lərinin nümayəndələri iştirak edib.
Tədbirdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsi anılmış, heykəlin önünə güllər qoyulub.
Təbirdə çıxış edən Azərbaycanın Misirdəki səfiri Tural Rzayev Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz roluna toxunub, məhz onun səmərəli fəaliyyəti nəticəsində ölkəmizin qısa müddət ərzində regionun aparıcı və ən güclü dövlətinə çevrildiyini, dünya dövlətləri sırasında layiqli yerini tutduğunu vurğulayıb, Ulu Öndərin bir çox sahələrdə olduğu kimi, müasir Azərbaycan diplomatiyasının da qurucusu olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, səfiri Tural Rzayevin Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar məqaləsi Misirin nüfuzlu və geniş oxucu kütləsinə malik qəzetlərində (“Yaxın Şərq Xəbərlər Agentliyi”, “Asiyaelyoum Informasiya Agentliyi”, “Əl-Cumhuriyyə”, “Al-Masry Əl-Youm”, “Aldiplomasy”, “Əl-Vasilə”, “Rayət Masr”, “Tahyra Masr və sair) işıqlandırılıb.
Məqaləsində səfir Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadiyyatının dirçəldiyini, ordunun gücləndiyini, qısa zaman ərzində donor ölkəyə çevrildiyini, Azərbaycanın haqlı mövqeyinin dünya birliyi tərəfindən tanındığını vurğulanıb.
Keçən il 44 günlük müharibədə Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun düşmən üzərində şanlı qələbə qazanması, torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi, Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsi məhz cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən bu siyasi kursun səmərəli nəticəsinin göstərici olduğu məqalədə xüsusi olaraq qeyd olunub.