"Space" teleradio şirkətinə yeni rəhbər təyin olunub.
Teleqraf.com xəbər verir ki, bu vəzifəyə Azərbaycanın Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov gətirilib.
Xatırladaq ki, 2006-2021-ci illərdə "Space"in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Sonra şirkətin rəhbər vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılmışdı.
Daha sonra bu vəzifəyə ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəri Ülviyyə Mikayılova gətirilsə də, o, bir neçə gün sonra istefa verib.
Qeyd edək ki, M.Hətəmov 2011–2019-cu illərdə "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində çalışıb. Müşfiq Hətəmovun “Azərbaycanfilm” kinostudiyasına rəhbərlik etdiyi 8 il islahatlar dövrü kimi yadda qalıb. Həmin illərdə 120-ə yaxın gənc “Azərbaycanfilm” kinostudiyasında sınaqdan çıxarılıb, onların içindən rejissorlar, operatorlar, işıqçılar, rəssamlar, səs rejissorları və s. yetişib. Müşfiq Hətəmovun təşəbbüsü ilə müasir Azərbaycan kinosunda yeni bir mərhələnin başlanğıcı üçün “Kinematoqrafiya haqqında qanun” hazırlanaraq Milli Məclisə təqdim edilib.
2011-ci ilə qədər Azərbaycan filmlərinin çəkiliş prosesində daha çox İran, Rusiya və Türkiyə mütəxəssislərinə yer verilirdisə, 2012-ci ildən sonra istehsalata buraxılan ekran əsərlərinin mütləq çoxluğunu yerli mütəxəssislər təşkil edib. Bu müddətdə Azərbaycan kinosu beynəlxalq arenada uğurla təmsil olunub, 154 festivalda 81 mükafat qazanıb. Ümumiyyətlə isə bu dövrdə 20 tammetrajlı bədii, 17 qısametrajlı bədii, 13 sənədli olmaqla 50 film çəkilib.
Müşfiq Hətəmov “Nabat”, “Dolu”, “Nar bağı”, “Yarımçıq xatirələr”, “Qisas almadan ölmə”, “Qırmızı bağ”, “Axınla aşağı”, “Üçüncü günün adamı” və s. filmlərin prodüseridir.