Şuşa cənab Prezident tərəfindən Azərbaycanın Mədəniyyət paytaxtı elan edildi. Dünyada belə bir təcrübə var. Amma Azərbaycan bunu daha geniş mənada tətbiq etmək qərarına gəlib. Bu sadəcə olaraq bir şüar deyil. Bu, Şuşanı Azərbaycanın bütün dəyərlərinin, mədəniyyətinin bir göstəricisi olaraq qorumaq və inkişaf etdirmək istəyidir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Şuşa Dövlət Qoruğu elan edilməklə burada bütün tikililər, təsərrüfat fəaliyyəti yüksək qoruq tələblərinə və paytaxt statusuna uyğun olaraq qurulacaq:
“İlk növbədə belə addım Azərbaycanın müstəqil dövlət olmasından irəli gələn bir məsələdir. Sovet dövründə də Şuşa Azərbaycan üçün çox qiymətli bir yer olub. Bununla belə Azərbaycan o dövr üçün özünün məhdud hüquqlarından belə bir addım ata bilmirdi”.
Deputat hesab edir ki, Milli Məclisə Şuşa ilə bağlı göndərilmiş qanun layihəsində mədəniyyət paytaxtı statusunun artıq qanuniləşdirilməsinə doğru ilk addım atıldı:
“Qanun səviyyəsində Şuşada tarixi obyektlərin sölkülməsi, dəyişdirilməsi, burada qeyri-qanuni tikililərin aparılması qadağan edilir. Eyni zamanda ekologiyanın qorunmasına böyük əhəmiyyət veriləcək. Şuşanın turizm mərkəzinə çevrilməsi üçün ciddi addımlar atılacaq. Qədim tarixə malik olan Şuşa xüsusi statusa malik olan bir ərazi olacaq”.
Aydın Mirzəzadəyə görə, Azərbaycanın bu addımları reallaşdırmaq üçün böyük əzmi və imkanları mövcuddur:
“Ermənistanın 30 illik işğalı nəticəsində bölgələrimiz viran qoyulmuşdu. Azərbaycan isə öz torpaqlarına sahib olaraq bütün bölgələrini, ilk növbədə Şuşanı dünyanın diqqətinin cəlb edildiyi bir məkana çevirmək istəyindədir. Şuşa şəhəri Dövlət Qoruğu elan edildikdən və müəyyən təcrübə toplandıqdan sonra Gəncə, Quba, Şəki, Lənkəran kimi tarixi şəhərlərdə də dövlət qoruğu statusu başqa formalarda tətbiq edilə bilər”.