Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Eldar müəllim, ölkəmizin həyatında baş verən mühüm əlamətdar tarixi hadisələri necə qiymətləndirirsiniz?
- Azərbaycanın 44 günlük Vətən müharibəsi və əldə etdiyi tarixi qələbə ölkəmizin həyatında mühüm hadisə idi. 2020-ci ilin 10 noyabr razılaşması ilə işğalçı Ermənistan kapituliyasiya aktına imza atmalı oldu. Əldə olunmuş birgə bəyanatda üç dövlət başçısının imzası var. Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzası ilə təsdiq olunmuş bəyanatda bir sıra müddəalar yer alıb. Çünki bu razılaşma ilə müharibəyə son qoyuldu. Əldə olunan razılaşmanın müddəalarında bundan sonra görüləcək işlər, atılacaq addımlar açıq şəkildə qeyd olunub. Vətən müharibəsindən Azərbaycan dövləti tarixi qalibiyyətlə çıxdı. Bu qalibiyyət hər bir vətəndaşımız üçün böyük qürur mənbəyinə çevrildi. Xalqımız 44 günlük Vətən müharibəsində birlik, bərabərlik nümayiş etdirdi. Bu gün də hər bir vətəndaş bu qələbənin verdiyi sevinci, qüruru yaşayır. Hazırda əldə olunmuş razılaşmaya uyğun olaraq Azərbaycan tərəfindən nəzərdə tutulan bütün işlər ardıcıllıqla icra edilir. Kommunikasiyaların açılması və əlaqələrin bərpası ilə bağlı Azərbaycan öz üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır. Amma buna baxmayaraq, erməni tərəfi hər zaman olduğu kimi digər məsələləri gündəmə gətirməklə məşğuldur. 10 noyabr razılaşmasından sonra Azərbaycanla Ermənistan arasında silahlı münaqişə başa çatıb. Amma buna baxmayaraq, 10 noyabrdan sonra Azərbaycan ərazisində erməni hərbiçilər müxtəlif hərbi təxribatlar törətmək istəyinə düşüb. Buna cavab olaraq Azərbaycan tərəfi öz ərazisində olan qanunsuz silahlıları zərərsizləşdirib. Onlar hazırda terrorçu kimi Azərbaycan qanunları ilə mühakimə olunmaq ərəfəsindədir. Çünki əldə olunan razılaşmadan sonra Azərbaycan ərazisində ancaq qanlı terror aktları törətmək məqsədilə göndərilən qrup üzvləri ilə beynəlxalq hüquqa uyğun davranılacaq.
- Avropa Parlamentinin bu məsələ bağlı əsassız qərarını necə şərh edərdiniz?
- Heç bir məntiqə və fakta əsaslanmadan çıxarılan qərarın əsası yoxdur. Azərbaycan tərəfi də haqlı olaraq Avropa Parlamentinin bu qərarını kağız parçası adlandırıb. Çünki reallıqdan uzaq verilən qərarlara münasibət bu cür olmalıdır. AP-nin diqqətinə çatdırılıb ki, Azərbaycanla Ermənistan arasında 2020-ci ilin 10 noyabr tarixi ilə hərbi əməliyyatlar başa çatıb. Bununla da bölgədə sülhə töhfə verəcək addımların atılması üçün bir əsas yaranıb. Məhz belə bir razılaşmanın ortada olduğu halda Ermənistan tərəfinin hərbi birlik göndərərək, Azərbaycan ərazilərində təxribat törətmək cəhdləri heç bir məntiq və sivil dəyərlərlə uzlaşmır. Eyni zamanda Ermənistan baş naziri özü bu razılaşmaya imza atıb. Bu dövlətin siyasi rəhbərliyi əslində özünün imzasına hörmətlə yanaşmalıdır. Bu baxımdan da hansısa bir təşkilatın məsələnin mahiyyətindən uzaq verdiyi qərarların Azərbaycanın həyata keçirdiyi uğurlu siyasi strategiyaya heç bir mənfi təsiri ola bilməz.
- Azərbaycan Prezidentinin ardıcıl olaraq verdiyi mesajlardan qarşı tərəf hansı nəticələri çıxarmalıdır?
- Bu yaxınlarda cənab Prezident Naxçıvanda səfərdə olarkən də mühüm mesajlar verdi. 10 noyabr razılaşmasında nəzərdə tutulmuş müddəalardan biri də Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla quru və dəmir yolu ilə əlaqələrin yaranmasını özündə ehtiva edir. Bu məqsədlə Azərbaycan tərəfi planlı şəkildə işlər həyata keçirir. Naxçıvanı Azərbaycanla birləşdirəcək Zəngəzur dəhlizinin açılması istiqamətində ardıcıl işlər həyata keçirilir. Mövcud kommunikasiya xəttləri bərpa edilir. Çünki Zəngəzur dəhlizinin açılmasının mühüm əhəmiyyəti var. Azərbaycanın Naxçıvan və Türkiyə ilə birbaşa əlaqələri qurulacaq. Eyni zamanda bir sıra dövlətlər də bundan yararlana biləcək. Hətta ağır iqtisadi durumda olan Ermənistan da bu dəhliz vasitəsilə mühüm çıxış yolu qazanmış olacaq. Ermənistanın Rusiya və İranla birbaşa əlaqələri yaranacaq. Bu da Ermənistan üçün əsas məsələlərdən biri hesab olunur. Zəngəzur dəhlizi qədim İpək yolunun bir hissəsi hesab olnur. Bu yol Çindən Avropaya qədər uzanır. Ona görə də açılacaq Zəngəzur dəhlizinin əhəmiyyəti bölgə dövlətləri ilə yanaşı qlobal müstəvidə də olduqca önəmlidir.
- Ermənistan tərəfi Zəngəzur dəhlizi məsələsinə ehtiyatla yanaşsa da kommunikasiyaların açılması barədə fikirlər etiraf olunur. Bu paradoksal yanaşmaları necə izah etmək olar?
- Bu gün Ermənistanda təlatümlü bir vəziyyət hökm sürür. 10 noyabr kapituliyasiya aktına imza atan Nikol Paşinyana qarşı ölkədə qruplaşmalar formalaşıb. Amma buna baxmayaraq, onun da təfdarları az deyil. Hazırda Ermənistandakı siyasi mühit bir neçə qruplaşmanın nəzarətindədir. Hər birinin də məqsədi hakimiyyətə gəlməkdir. Bu məsələdə keçmiş “Qarabağ klanı”nın təmsilçiləri, xüsusən də sabiq prezident Robert Köçəryan rəqiblərinə qarşı daha sərt mövqedən çıxış edir. O, eyni zamanda özünü Ermənistanda revanşistlərin “lideri” kimi qələmə verməyə çalışır. Amma Ermənistanda hakimiyyət uğrunda mübarizə aparan qruplaşmaların heç biri erməni xalqı üçün gələcək vəd etmir. Onların heç birinin Ermənistanın gələcəyi ilə bağlı konsepsiyası mövcud deyil. Bu, Ermənistanın daxili işi olsa da Azərbaycan bu ölkədə baş verən prosesləri diqqətlə izləyir. Sözsüz ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Ermənistanın isə yeganə çıxış yolu Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq mövcud qonşuluq prinsiplərinə riayət etməsidir. Bununla da Ermənistanın siyasi hakimiyyəti ölkəsini və xalqının gələcək inkişafı naminə addım atmış olar.
Azərbaycan Ermənistanla qonşuluq prinsiplərinə hər zaman ciddi şəkildə riayət etməyə hazırdır. Şərt odur ki, qarşı tərəf qonşuluq şərtlərinə əməl etsin. Bu münasibətlər sözsüz ki, Cənubi Qafqazda sülhün təminatına mühüm töhfə verə bilər. Azərbaycanın digər qonşuları ilə münasibətləri yüksək səviyyədədir. Qonşu Gürcüstan ilə Azərbaycan arasında sıx münasibətlət var. Həmçinin İran, Rusiya və qardaş Türkiyə ilə münasibətlər sözsüz ki, bölgədə sülh və əməkdaşlığa mühüm töhfə verir. Yaxşı olardı ki, Ermənistan cəmiyyəti 10 illiklər boyu düçar olduqları “Böyük ermənistan”, “Dənizdən dənizə Ermənistan” kimi xəstə xəyallardan imtina edib normal münasibətlər sisteminə adaptasiya olsun. Sözsüz ki, erməni lobbi təşkilatları və bir sıra qüvvələr yenə də pozucu mövqedən çıxış edirlər.
- Bu yaxınlarda parlamentin spikeri Sahibə Qafarovanın rəhbərliyi ilə bir qrup deputatla İtaliyada səfərdə oldunuz. Səfər daha çox hansı istiqamətləri əhatə edirdi?
- Səfərdə iki dövlət arasında əlaqələrin inkişafı qanunverici orqanlar arasındakı münasibətlərin perspektivləri müzakirə olundu. Xanım spiker tərəfindən Azərbaycanın bölgədə sülhə və təhlükəsizliyə xidmət edən addımlarından bəhs edilib. Azərbaycanın nəinki bölgədə, qlobal səviyyədə sülhə təhlükəsizliyə hər zaman töhvə verən ölkə kimi çıxış etdiyi bildirilib. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni bir reallıq yaranıb. Bu reallıq isə kommunikasiyaların bərpası, əlaqələrin qurulması, inkişaf etdirilməsi üçün atılacaq ilkin addımlardan ibarətdir. Erməni tərəfinin isə qaldırdığı bir sıra məsələlərin isə əslində heç bir rallığa əsaslanmadığı dilə gətirildi. Müharibədən sonra Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməməsi bununla da növbəti hərbi cinayətlərə yol açan bir yanaşma ortaya qoyulduğu söylənildi. Parlament üzvləri çıxışlarında Azərbaycanla Avropa Birliyi arasında əlaqələrdən, qarşıda duran vəzifələrdən bəhs olundu. Azərbaycanın bir tolerant ölkə kimi bütün xalqların təmsilçilərinə bərabər yaşamaq imkanı yaratdığı məlumdur. Azərbaycan vətəndaşı olan ölkə qanunlarını qəbul edən erməni əsilli vətəndaşlar da qanunlar çərçivəsində yaşamaq hüququna malik olduğu italiyalı dostlarımızın da diqqətinə çatdırıldı.
- Cənab Prezidentin Sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Tarixi şəhərimizdə Xarıbülbül müsiqi festivalı 32 ildən sonra yenidən keçirildi. Bu mədəni və tolerantlığı özündə əks etdirən tədbirin vermiş olduğu siyasi mesajları necə qiymətləndirirsiniz?
- Dövlət başçısı tərəfindən Şuşa şəhərinə Azərbaycanın mədəniyyət paytaxtı kimi xüsusi bir statusun verilməsi mühüm hadisədir. Eyni zamanda Xarıbülbül musiqi festivalının keçirilməsi çox böyük tarixi bir rezonansa səbəb oldu. Hətta parlament üzvləri İtaliyada səfərdə olarkən italyanlarda bununla bağlı bizə suallar verirdi. Çünki bu tək bir mədəni hadisə deyildi. Bunun çox böyük mahiyyəti var. Azərbaycan dövləti bir daha göstərdi ki, o Şuşaya qayıdıb. Şuşadan, Cıdır düzündən Azərbaycan bütün dünyaya bir daha açıq mesaj verdi. Verilən mesaj birbaşa Azərbaycanı hədəf alan qüvvələrə qarşı düşünülmüş, məntiqli bir prinsiplərə əsaslanırdı. Xarıbülbül festivalının keçirilməsi təkcə bir mədəni hadisə deyildi. Bu çox böyük siyasi bir mənanı ifadə edirdi. Eyni zamanda bu festival Azərbaycanın multikultural bir ölkə olduğunu ölkəmizdə müxtəlif xalqların dostluq, qardaşlıq şəraitində yaşadığı açıq şəkildə nümayiş olundu. Festivalda Azərbaycanda yaşayan bütün xalqların təmsilçiləri özlərinə məxsus musiqi nömrələri ilə çıxış etdilər. Bu bir daha Azərbaycanda yaşayan bütün xalqların özlərinə məxsus dəyərləri necə qoruyub saxladığını da nümayiş etdirir. Azərbaycan bununla Şuşadan, Cıdır düzündən bütün dünyaya bir daha tolerantlıq mesajları verdi. Ölkəmizdə bütün dinlərin təmsilçilərinə, onların sərbəst iradələrinə uyğun öz dəyərlərini ifadə etməsinə heç bir problem yoxdur. Ermənistan isə bu gün dünyada mono-etnik bir dövlət kimi tanınır.
- Şuşada bütün dini ibadət ocaqları artıq bərpa edilir və yeni bir məscidin əsası qoyuldu...
- Sözsüz bu mühüm bir hadisə idi. Vaxtilə Şuşada hər məhəllədə bir məscid olub. Bu gün isə o məscidlərdən qalanı isə yaradağılmış, barbarlığa məruz qalmış formadadır. Şuşa erməni işğalından azad edildikdən sonra Azərbaycan artıq orada mövcud olan bütün məscidlərin ən qısa zamanda təmir və bərpa işlərini icra etməyə başlayıb. Xarıbülbül festivalı Ramazan bayramı ərəfəsinə təsadüf etdiyi üçün Şuşada məsciddə bayram namazının qılınması, 30 ilə yaxın işğalda qalmış İslam dəyərlərinə, xalqımızın milli-mənəvi keyfiyyətlərinə verilən ən böyük töhvə idi. Cənab Prezident İlham Əliyevə bütün bu uğurlu işlərə görə sonsuz minnətdarlığımızı bildiririk. Heydər Əliyev Fondunun da bütün bu işlərin ən yüksək səviyyədə icrası ilə bağlı atdığı addımlar mühüm amil hesab olnur. Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən hər zaman dini, milli, tarixi dəyərlərimizə böyük diqqət və qayğı olub. Məhz qısa zamanda Şuşada məscidin bərpa edilməsi və oranı cənab Prezidentin ailə üzvləri ilə birlikdə ziyarət edib dualar etməsi mühüm bir hadisə idi.
- Hazırda Ermənistan Azərbaycan sərhədlərinin müəyyənləşməsi prosesi gedir. Sərhədlərin müəyyənləşməsində hansı şərtlər əsas götürülməlidir?
- Sovet dövründə konkret olaraq dövlətlər arasında sərhədlər mövcud idi. Sərhəd xidməti olmasa da bəlli nöqtələrdə dövlətlərin əraziləri bir-birindən ayrılırdı. Eyni zamanda ümumi SSRİ xəritəsi ilə yanaşı hər bir dövlətin özünün ayrıca xəritəsi mövcud idi. Hətta kommunikasiya xətlərinin hansı ölkələrin ərazisindən keçməsi məsələsi belə xüsusi olaraq qeyd olunurdu. Bu da xəritələr hesabına mümkün olurdu. Eyni zamanda dövlətlər arasında sərhədlər olmasa idi, hansı kommunikasiya xəttinin haradan keçməsini belə müəyyənləşdirmək mümkün olmazdı. Amma ermənilər hər zaman Azərbaycan topraqlarına iddialı olublar. Vaxtilə Qazax istiqamətində ermənilər bir formada 7 kəndi öz ərazilərinə birləşdirməyə nail oldular. Zəngəzur ərazisi də Ermənistan yarandıqdan sonra onlara güzəştə gedildi. İndi ermnilər oranı “Sunik” adlandırır. Belə bir ad yox idi. Ora Zəngəzurdur. Azərbaycanın ən böyük tarixi ərazislərindən, mahallarından biri olub. Bu gün bərpa edilən sərhəd xəttləri də məhz sovet dövründə olan xəritlərə əsaslanır. Ona görə də Ermənistan tərəfinin bununla bağlı qaldırdığı hay-küyün heç bir əsası yoxdur. Eyni zamanda Ermənistanda hazırda bu məsələlər ətrafında yaradılan müzakirələr bu ölkədə 20 iyun öncəsi seçki konpaniyasına hesablanıb. Ermənistanda seçkiyə qədər siyasi qüvvələrin bu məsələlər ətrafında müəyyən fikirlər bildirməsi də qaçılmazdır. Amma bununla belə Ermənistanın 10 noyabr razılaşmasından imtina etmək imkanları mövcud deyil.
- 28 May Respublika gününü qalib xalq, dövlət kimi qeyd edirik. Bu tarixin əhəmiyyətini necə qiymətləndirirsiniz?
- 1918-ci ildə Şərqdə ilk dəfə müsəlman müstəqil dövləti yarandı. 23 ay yaşamasına baxmayaraq, Xalq Cümhuriyyəti 38 dövlət tərəfindən tanındı. Ondan sonra isə xalqımızın həyatında bir sıra hadisələr baş verdi. Xalq Cümhuriyyətinin süqutundan sonra xalqımız öz milli kimliyini unutmadı. Çünki Azərbaycan xalqı hər zaman dövlətçilik ənənələrini yaşatmağı özünün milli qüruru kimi qəbul edib. Amma buna baxmayaraq artıq 80-ci illərdən sovetlərin çöküşü başladı. Mixail Qorbaçov kimi şəxslər sovet imperiyasının çöküşünü sürətləndirdi. M.Qorbaçov kimi şəxslərin sovet rəhbərliyinə ayaq açmasında xidmətləri olmuş şəxs isə Qramikov olub. Qramikov öz xatirələrində də bildirib ki, “yeganə səhvim Qorbaçovun namizədliyini irəli sürməyim olub”. Amma buna baxmayaraq Qorbaçovdan başqası da gəlsəydi, sovetlərin çöküşü qaçılmaz idi. Bundan sonra isə müstəqil dövlətlər yarandı. Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi. Müstəqilliyinin ilk illərində Azərbaycan bir sıra problemlərlə üzləşdi. Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə başladı. Məhz bu iddialar isə ermənilərin işğalçılıq niyyəti ilə başa çatdı. Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarının 20 faizini işğalda saxladı.
Azərbaycan xalqının ümumilli lideri Heydər Əlyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan bir çox təhlükələrdən xilas oldu. Ulu öndərin qətiyyəti ilə Azərbaycan bir dövlət kimi iqtisadi, siyasi dayaqlarını möhkəmləndirməyi bacardı. Ölkəmiz qonşu dövlətlərlə münasibətlərini bərpa etdi, beynəlxalq arenada öz mövqeyi ilə tanınmağa başladı. Həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan regionda aparıcı dövlətə çevrildi. Ulu öndər Heydər Əliyevin uğurlu siyasi strategiyasının böyük əzmlə davam etdirən cənab Prezident İlham Əliyev Azərbaycanı daha güclü, müasir, inkişaf etmış bir dövlətə çevirdi. Cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusu işğalçı Ermənistana layiqli cavab verərək onları torpaqlarımızdan qovdu. Bu gün Azərbaycan öz milli müstəqilliyik tarixini qalib dövlət, qalib xalq kimi qeyd edir. Bu isə cənab Prezidentin tarixi xidmətləri sayəsində mümkün oldu. Azərbaycan öz müstəqillik tarixini ərazi bütövlüyü şəraitində qeyd edir. 28 May Azərbaycanın müstəqillik günü olmaqla yanaşı 10 noyabr xalqımızın həyatında mühüm tarixi əlamətdar Qələbə günü kimi ehtiva olunur. Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq Respublika gününü Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında öz tarixi Qələbəsi ilə qeyd edir.