Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova Teleqraf.com-un suallarının cavablandırıb.
Onunla müsahibəni təqdim edirik?
- Hicran xanım, Azərbaycan xalqı Şərqdə ilk müsəlman demokratik respublikanın müəllifidir. Bu tarixin əhəmiyyətini necə şərh etmək olar?
- 1918-ci il 28 may təkcə Azərbaycanın tarixində deyil, bütün müsəlman aləmində və türk dünyasında xüsusi bir gündür. İlk növbədə, müsəlman Şərqində və Türk dünyasında ilk Demokratik Respublikanı yaratmaqla xalqımız sahib olduğu dövlətçilik ənənələrini bir daha təsdiq etdi. İnsan hüquq və azadlıqları, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqları təmin edildi. Hətta bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququ verildi. Azərbaycan dilinin dövlət dili elan edildi. Təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərildi. Nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması Xalq Cümhuriyyətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. Xalqımızın savadlanması üçün məktəblər, yaşlılar üçün savad kursları açıldı. 1919-cu ildə ən böyük ali təhsil ocağı Bakı Dövlət Universiteti fəaliyyətə başladı. Məktəblər üçün dərsliklər yazıldı, kitabxanalar açıldı, onlarla qəzet və jurnal nəşr olundu. Milli muzeyimiz “İstiqlal” muzeyi yaradıldı. Qadın sağlamlığı üçün zərərli işlərdən kənar edilmə, doğuşdan əvvəl və doğuşdan sonra ödənilən məzuniyyət, ananın iş yerində uşaq müəssisələrinin təşkili, xəstəlik dövründə dərman və əməkhaqqının müəssisə sahibinin hesabına ödənilməsi haqqında qərarlar qəbul edildi. Eyni zamanda, qadınlar üçün qısamüddətli müəllimlik kursları, peşə-ixtisas kurslarının açılması, uşaq bağçalarının sayının artırılması məsələləri öz həllini tapdı. Bütün bunlar hamısı qısa sürmüş müstəqillik zamanı əldə edilmiş uğurlar idi. Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub.
- 1991-ci ildə Azərbaycan müstəqilliyini yenidən bərpa etdi. Xalqımız 70 illik əsarətdən sonra milli dövlətçilik ənənələrini bərpa etməyə nail oldu...
- Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Lakin müstəqillik təsadüfən qazanılmır və ya onu hədiyyə etmirlər. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. 1991-ci ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda nəinki vətəndaş cəmiyyətindən danışmaq mümkün idi, ümumiyyətlə, ölkənin müstəqil dövlət olaraq varlığı sual altında idi. Azərbaycan dövlət müstəqilliyini çox mürəkkəb bir şəraitdə qazanmışdı. Ölkədə təcrübəsiz adamların hakimiyyətə gəlməsi tezliklə xaos və özbaşınalığa gətirib çıxardı. Digər tərəfdən də, Ermənistan tərəfindən torpaqlarımızın 20%-i işğal olunmuş, bir milyondan çox qaçqın və məcburi köçkün ordusu yaranmışdı. Məhz belə bir anda 1993-cü ildə, çətin və mürəkkəb ictimai-siyasi vəziyyətin ağır olduğu bir zamanda Ulu öndər Heydər Əliyev xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa başlandı. Nizami ordu yaradıldı. Ölkəmizə böyük həcmdə xarici sərmayə gəlməyə başladı. Azərbaycançılıq ideologiyası rəsmi ideologiya kimi qəbul edildi. Bir sözlə, məhz o illərdə Azərbaycanın strateji inkişaf istiqamətlərin əsası qoyuldu. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən bu prinsiplər əsas tutaraq bölgədə, dünyada dəyişən vəziyyətə uyğun olaraq öz inamlı siyasətini aparır. Bu gün biz fəxrlə deyirik ki, müstəqil Azərbaycan respublikasi nəinki regionun, dünyanın lider ölkələri sırasındadır. Hazırda demək olar ki, əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Hətta elə vacib görüş və tədbirlər var ki, onların keçirilməsi üçün məhz Azərbaycan seçilir. Əlbəttə ki, bunun çox ciddi əsası var. Dünyanın müxtəlif yerlərində dövlətlərin bir-birinə qarşı düşmənçiliyini, dözümsüzlüyünü, etnik təmizləmələri, terror aktlarının törədildiyini, dini, milli, irqi ayrı-seçkiliyi müşahidə edirik. Bütün bunların fonunda Azərbaycanda insanlar təhlükəsizlik, tolerantlıq və mehribançılıq şəraitində yaşayır. Hər bir inkişafın nüvəsini sabitlik təşkil edir. Cənab Prezidentin yürütdüyü düşünülmüş siyasət nəticəsində bu stabilliyə nail olmuşuq. Onun həyata keçirdiyi uğurlu dövlət idarəçiliyi, sosial, iqtisadi, siyasi və kadr sahələrində aparılan sistemli islahatlar artıq öz müsbət nəticəsini verib. Azərbaycanın bölgələrinin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar ailələrin, o cümlədən, qadın və uşaqların yaşayışına müsbət təsir göstərir. Xüsusən də COVID-19 pandemiyası dövründə dövlətimiz hər bir vətəndaşın yanında olaraq onun sağlamlığını və rifahını təmin etməyə nail oldu. Cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncamlar, dövlət proqramları, xüsusi sosial və iqtisadi dəstək tədbirləri və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri, göstərdiyi qayğı xalqımız tərəfindən rəğbətlə qarşılanır. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu və ölkə başçısı tərəfindən daha da gücləndirilən davamı siyasət nəticəsində bu gün ölkəmiz Xalq Cümhuriyyətinin sədaqətli və layiqli varisi kimi demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir.
- 30 illik işğala son qoyuldu. Bu gün dövlətimiz müstəqilliyini daha xoşbəxt, müharibədən qalib çıxan ölkə kimi qeyd edir. Bu tarixi dönəmi necə qiymətləndirirsiniz?
- Bilirsiniz, bu il hər bir hadisə özü-özlüyündə fərqlidir, yenidir. Bunun da əsas səbəbi 30 illik həsrətdən sonra Qarabağa qovuşmağımız, ərazi bütövlüyümüzü təmin etməyimizdir. Azərbaycanın çox şanlı tarixi olub. Ancaq Qarabağın işğal olunması, vətəndaşlarımızın erməni vandalizminin qurbanı olması sanki xalqımızda bir natamamlıq sindromu yaradırdı. Ona görə də bayramları da, tarixi günləri də ürəkdən keçirə bilmirdik. Ancaq, 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun möhtəşəm Qələbəsindən sonra sanki xalqımızın özünə inam hissi daha artdı. Məşhur bir şeir də deyildiyi kimi, “haqqım var, öyünüm Azərbaycan deyəndə” - bəli, bu haqqı bizə ölkəmizin başçısı, diplomat, sərkərdə İlham Əliyev, igid, cəsur, mərd əsgər və zabitlərimiz qazandırdı. 18 il boyunca hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara əsaslanan diplomatiya Azərbaycanı strateji cəhətdən önəmli, nüfuzlu dövlətə çevirib. Ölkədə aparılan nəhəng quruculuq işləri, əldə edilmiş mühüm siyasi və iqtisadi nailiyyətlər ictimai həyatın bütün sahələrində tərəqqinin bariz göstəricisidir. Azərbaycanın çox sayda siyasi, mədəni, elmi və digər səpkili beynəlxalq tədbirlərə, forumlara, mötəbər musiqi və idman yarışmalarına ev sahibliyi etməsi qabaqcıl dünya dövlətlərinin sırasında qüdrətini hər zaman nümayiş etdirir. Eləcə də Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü hər bir təşəbbüs bütün Azərbaycan vətəndaşları tərəfindən alqışlanır, qarşıya qoyulan vəzifələri daha fəal, şövqlə həyata keçirməyə ruhlandırır. Nəticə isə mükəmməl oldu, Azərbaycan öz tarixi torpaqlarını erməni faşizminin əsarətindən azad etdi. İndi Qarabağda quruculuq işləri aparılır. Tezliklə həmin ərazilərin vətəndaşları orada yaşamağa başlayacaq. Cənab Prezidentin də dediyi kimi: "Biz bu torpaqlara qayıtmışıq, əbədi olaraq öz tarixi torpaqlarımızda yaşayacağıq”. Bir daha Respublika günü münasibəti ilə xalqımızı təbrik edirəm. İnkişaf edən, çiçəklənən, güclü Azərbaycan naminə bir olaq, uğur, yüksəliş, sülh, əmin-amanlıq başımızın üzərindən əksik olmasın!