4 Noyabr 2014 10:41
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Natiq Miri: "Daşnaksütyun" Türkiyəyə ərazi iddiaları ilə çıxış edir"

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Fransanın Beynəlxalq Əlaqələr İnstitutundakı çıxışında önəmli mesajlar verib.

Xüsusilə, qondarma erməni soyqırımı mövzusuna toxunan prezident bildirib ki, on illərdir Türkiyəyə 1915-ci ildə baş vermiş olaylarla bağlı haqsızlıq edilir: "Çox təəssüf ki, 1915-ci il hadisələri ideoloji yanaşmadan, dezinformasiyadan uzaq tutularaq araşdırılmayıb. Bizim bununla bağlı normal davranışlarımıza rəğmən, Ermənistan və erməni diasporu sağlam fikirli yanaşma nümayiş etdirmədi".

Ərdoğan bildirib ki, Türkiyə bu məsələnin siyasət predmeti olmadığını, tarixçilərin öhdəsinə buraxılmasını təklif edib: "Biz arxivlərimizi açdıq, indiyə qədər 1 milyondan çox sənəd təsnif etmişik. Ermənistanın əlində belə bir arxiv varsa, açsın, üçüncü ölkələrdə varsa, onlar da açsınlar. Bu sənədlər üzərində tarixçilər, arxeoloqlar, hüquqşünaslar, siyasi araşdırmaçılar çalışsınlar. Biz də onların çıxardığı nəticələrə görə addım ataq".

Türkiyə prezidenti deyib ki, onlar Ermənistanla münasibətləri fərqli formada davam etdirmək üçün çalışıb, əllərini uzadıblar: "Təəssüf ki, xoş niyyətimizə qarşılıq görmədik. 2015-ci ildə də 1915-ci il olaylarının ildönümündə biz gerçəklərin anladılmasına, dünyanın həqiqətləri dinləməsinə çalışacağıq. Bu məsələdə ideologiyaya məruz qalan dezinformaniyanın deyil, tarixi həqiqətlərin uğur qazanacağına inanırıq".

Qeyd edək ki, erməni tərəfi ciddi-cəhdlə qondarma olayların gələn il keçiriləcək 100 illiyinə hazırlaşır. Bu istiqamətdə hətta təcavüzkar ölkədə xüsusi komissiya da yaradılıb. Sözsüz ki, qarşı tərəf fürsətdən istifadə edərək bu ərəfədə daha çox ölkənin parlamentində bu olayın tanınmasına çalışacaq. Bu istiqamətdə önləyici tədbir isə Türkiyə ilə yanaşı, Azərbaycanın da göstərəcəyi fəaliyyətdir. Bəs, iki qardaş ölkə bununla bağlı hansı addımları ata bilər?

Soyqırımı yalanının daha geniş arealda yayılmasının qarşısını nə cür almaq olar?
Bu istiqamətdə suallarımızı cavablandıran Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri bildirib ki, ermənilərin qondarma soyqırımının yüz illiyi ilə bağlı çox ciddi hazırlıqları var. Onun sözlərinə görə, bunu qlobal səviyyəyə qaldırıb, dünya güclərinin vasitəsilə parlamentlərdə tanıtdırmaq, böyük bir ajiotaj yaratmaq istəyirlər: "Son zamanlar hətta "Daşnaksütyun" Partiyası Türkiyəyə konkret ərazi iddiaları ilə çıxış edir. Yəni, ermənilər öz işindədir. Ancaq buna qarşılıq qoymaq üçün Türkiyə də hərəkətə keçib, konkret işlər görülür. Hesab edirəm ki, Türkiyə və Azərbaycanın birgə fəaliyyəti nəticəsində daha uğurlu nəticələrə baş vurmaq olar".

N.Miri qeyd edib ki, Türkiyədə çox ciddi arxivlər var və qardaş ölkə "soyqırımı"nı tanıyan ölkələri bu arxivlərin açılmasına sövq edə bilsə, eyni zamanda, Ermənistanı razı sala bilsə, dünya üçün bir çox həqiqətlər ortaya çıxa bilər: "Əslində, bu həqiqət gizli deyil, bunu həm Avropada, həm də ABŞ-da bilməmiş deyillər. Çünki zaman-zaman Amerika prezidenti olan şəxslər dövlətin müvafiq qurumlarından "erməni soyqırımı" ilə bağlı gerçəyin nədən ibarət olduğunu sorurlar. Həm prezident Reyqanın, həm də ata Buşun dövründə xüsusi bir komissiya yaradılıb və bu məsələ araşdırılıb. Hər iki prezidentə verilən arayışda birmənalı olaraq göstərilir ki, 1915-ci ildə Anadoluda ermənilərə qarşı heç bir soyqırımı hadisəsi baş verməyib. Əksinə, ermənilər Birinci dünya müharibəsində türk kişilərin cəbhədə olmasından istifadə edərək qadın, qoca və uşaqları soyqırımına məruz qoyublar. Yəni, bu hadisə hüquqi olaraq öyrənilib, prezidentlərə arayış vasitəsilə təqdim olunub. Bunu qondarma erməni soyqırımını parlamentlərində qəbul etmiş ölkələrdə bilməmiş deyillər. Sadəcə olaraq, bu cür hadisələrə müəyyən geosiyasi maraqlar nöqteyi-nəzərindən göz yumulur. Ona görə də bu həqiqətləri həm tarixi, həm də hüquqi baxımdan ortaya qoymaq lazımdır".

Azərbaycanın bu prosesdə oynaya biləcəyi rola gəldikdə isə, politoloq deyib ki, ölkəmizin bu istiqamətdə fəaliyyəti prosesə çox müsbət nəticə verə bilər: "Nəzərə almaq lazımdır ki, Azərbaycan XX əsrin əvvəlindən bəri dəfələrlə ermənilərin soyqırımına məruz qalıb. 1918-ci ilin martından Xocalı soyqırımınadək baş verən çoxsaylı soyqırımları qaldırmaq Türkiyə dövlətinin əlində həm tarixi, həm də hüquqi baxımdan çox ciddi tutarlı sənəd olar. Ona görə də hesab edirəm ki, həm Türkiyə, həm də Azərbaycan bu prosesdə birgə fəaliyyət ortaya qoymaqla Ermənistanı tamamilə, birdəfəlik ifşa edə bilərlər. Digər tərəfdən, düşünürəm ki, soyqırımı yalanının daha geniş miqyasa yayılmasının qarşısını almaq üçün Azərbaycan və Türkiyənin ortaq komissiya yaratmasına qərar verilməlidir".

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər