24 İyun 2021 14:33
1 953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu gün imzaladığı sərəncamla tanınmış jurnalist, Azpost.info saytının baş radaktoru Xaqani Səfəroğlunun qardaşı, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əfqan İbadov da təltif olunub.

Teleqraf.com xəbər verir ki, Əfqan İbadov “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad edilməsinə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Xaqani Səfəroğlu bildirib ki, Əfqan İbadov 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Onun sözlərinə görə, qardaşı bu gün də Kəlbəcərdə xidməti davam etdirir.

Dövlət başçısının imzaladığı Azərbaycan Silahlı Qüvvələri hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncama əsasən təltif olunanlar arasında Vətən müharibəsi iştirakçısı olan jurnalist, ehtiyatda olan kapitan Anar Miriyev də var.

O, hazırda “İki sahil” qəzetində baş redaktorun müavini vəzifəsində çalışır.

Vətən müharibəsi iştirakçısı, baş leytenant Emin Piriyev (Emin Piri) Ali Baş Komandanın sərəncamı ilə “Xocavəndin azad edilməsinə görə” medalı ilə təltif olunub.

Emin Piri “Ədalət” qəzetində şöbə müdiridir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyininin tabeliyində fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” MMC-nin əməkdaşı Gündüz Qaralov “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.

"Report” İnformasiya Agentlyinin idman şöbəsinin redaktoru Elşən Məmmədovun qardaşı oğlu, şəhid Ülvü Məmmədov “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Daha əvvəl Ülvü Məmmədov “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdu. Şəhidlik zirvəsi ilə 4 medalı haqq edən Ülvü, ruhun şad olsun!”, - deyə Elşən Məmmədov bildirib.

Türkiyənin “Anadolu” Agentliyinin müxbiri Ruslan Rəhimovun və agentliyin fotoqrafı Rəsul Rəhimovun qardaşı, Vətən müharibəsi iştirakçısı olan mayor Neymət Rəhimov “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Ruslan Rəhimov bildirib ki, nəhayət, haqq-ədalət öz yerini tapdı. O, həmçinin, qeyd edib ki, dayısı oğlu, əsgər Maqsud Sədrəddinli də “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Təltif olunanlar arasında “Report” İnformasiya Agentliyinin əməkdaşı Məmmədov Səbuhi Ədalət oğlu da var. O, “Xocavəndin azad olunmasına görə” medalına layiq görülüb.

Agentliyin bununla bağlı yaydığı məlumatda qeyd olunur ki, S.Məmmədov Vətən müharibəsində könüllü olaraq iştirak edib. O, müharibə başa çatandan sonra Azərbaycan Ordusunun sıralarından tərxis olunub. S.Məmmədov hazırda “Report” İnformasiya Agentliyində fəaliyyətini davam etdirir.

“Report” İnformasiya Agentliyinin daha bir əməkdaşı, jurnalist Şəfiqə Nazimqızının qardaşı da dövlət başçısının bu gün imzaladığı sərəncamla təltif olunanlar sırasındadır. Jurnalistin qardaşı Məlikov Oruc Nazim oğlu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Vətən müharibəsində zabit kimi iştirak etmiş tanınmış jurnalist Məğrur Əli Polad (Məğrur Əliyev) “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.

“Neçə aydır gözlədiyimiz Şuşa medalı da gəldi. Prezident, Ali Baş Komandan İlham Əliyevə Vətən müharibəsindəki fəaliyyətimə verdiyi qiymətə görə təşəkkür edirəm!”, - deyə Məğrur Əli Polad bildirib.

Jurnalist Təzəxan Mirələmlinin oğlu, Vətən müharibəsi iştirakçısı Vahid Mirələmli də təltif olunanlar sırasındadır. O, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Dövlət başçısının imzaladığı daha bir sərəncamın sevincindən Türkiyənin TRT televiziyasının Bakı təmsilçiliyinin əməkdaşı Nailə Əkbərovanın ailəsinə də pay düşüb. Belə ki, jurnalistin övladı Murad Bayramov “Laçının azad edilməsinə görə” medalı ilə təltif olunub.


Müəllif: Səxavət

Oxşar xəbərlər