12 İyul 2021 10:32
2 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli anlaşmalar Zəngəzur dəhlizinin açılmasına hüquqi zəmin yaradır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib:

Ekspert bölgədəki son geosiyasi vəziyyətə diqqət çəkib:

“Zəngəzur dağ silsiləsindən onun qolları olaraq Bərgüşad və Mehri silsilələri budaqlanır. Onların arasında isə Xustup-Qatar silsiləsi yer alıb. Beləliklə, geoloji baxımından Zəngəzur vahid bir dağ sistemidir və onun ümumi sahəsi təxminən 7 min kv.km təşkil edir. Bu nöqtəyi-nəzərdən Zəngəzurun qərb hissəsi Naxçıvanın, şərq hissəsi isə Qubadlı və Zəngilan inzibati rayonların payına düşür. Yəni Zəngəzurun qərb və şərq hissələri Azərbaycanın payına düşür. Daha böyük mərkəzi hissəsi isə Ermənistanın tərkibindədir.

Qeyd edim ki, Zəngəzur ərazi-inzibati vahidi qismində təxminən 56 il mövcud olub:

“1873-cü ildə Yelizavetpol (Gəncə) quberniyasında təsis olunmuş Qəza mərkəzi Gorus məntəqəsi idi. Fəaliyyətinə 1929-cu ildə son qoyuldu. Qəzanın əsas əhalisini azərbaycanlılar təşkil edirdi. 1918-1920-ci illərdə ADR-in tərkibində bir ərazi-inzibati vahid idi. Millətlər İttifaqının konfransında Zəngəzur Azərbaycanın tərkibindəki inzibati-ərazi bölgüsünün tərkib hissəsi kimi təsdiqləndi. 1920-ci ilin axırında Ermənistan Respublikasının ərazisində sovet hakimiyyəti qurulan kimi xüsusilə Sovet Rusiyasının xalq xarici işlər komissarı Çiçerinin, eləcə də Lenin, Stalin və Orconikidzenin təzyiqi ilə Zəngəzur iki yerə parçalandı — Laçın, Qubadlı, Zəngilan Azərbaycan SSR-in tərkibində qaldı, bolşeviklərin tabeliyinə keçmiş yeni sovet respublikasının ”təhlükəsizlinin təminatçısı” olan XI ordunun qəsdən etinasızlığı ilə ermənilər tərəfindən işğal olunmuş digər dörd rayon isə, yaylaqlar istisna olunmaqla Ermənistana verildi. Sonralar həmin yaylaqlar da əlaltından ermənilər tərəfindən özününküləşdirildi”.

Ekspert bildirib ki, 44 günlük Vətən müharibəsinin nəticələri regional siyasi mühitin yenidən müəyyənləşməsinə səbəb olub:

“Bu nəticələrinin ən vaciblərindən biri Zəngəzur nəqliyyat dəhlizinin açılmasıdır. Prezident İlham Əliyev 2021-ci il 31 mart tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışı zamanı bildirdi ki, “Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq”.

Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradır. Bu da Zəngəzur dəhlizinin beyəlxalq səviyyədə siyasi-hüquqi cəhətdən legitimliliyi üçün əsaslar yaradır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər