15 İyul 2021 14:57
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin ildönümü ilə bağlı telefonla zəng edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı ilk növbədə həmin günlərdə həlak olan şəhidlərin xatirəsini dərin ehtiramla yad edib. Prezident İlham Əliyev bildirib ki, Türkiyə dövlətçiliyinə və xalqına qarşı yönəlmiş həmin xəyanətkar dövlət çevrilişi cəhdinin qarşısının alınmasında şəxsən Rəcəb Tayyib Ərdoğanın göstərdiyi qətiyyət və böyük liderlik müstəsna rol oynayıb.

Dövlət başçısı eyni zamanda qeyd edib ki, həmin tarixi sınaq günlərində xalqın Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşməsi Türkiyə xalqının dövlətçilik yolunda göstərdiyi fədakarlığının bariz nümunəsi olub.

Prezident İlham Əliyev Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdi günlərində olduğu kimi, bu gün də Azərbaycanın dost və qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb, ölkələrimiz və xalqlarımız arasında sıx birliyin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Rəcəb Tayyib Ərdoğan telefon zənginə və göstərilən diqqətə görə Azərbaycan Prezidentinə minnətdarlıq edib və öz növbəsində Türkiyə-Azərbaycan birliyi və qardaşlığının hər zaman möhkəmlənəcəyinə əmin olduğunu bildirib.

Söhbət zamanı əməkdaşlığın müxtəlif aspektləri müzakirə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər