19 İyul 2021 17:31
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ayrıseçkilik olmadan bütün kommunikasiyaların eyni vaxtda açılması Çənubi Qafqaz regionunda proqnozlaşdırma, sabitlik və təhlükəsizliyi reallığa çevirəcək. Son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında yol infrastrukturun yenidən qurulması istiqamətində görülən işlər beynəlxalq reytinq sıralamalarda ölkəmizin mövqeyini kifayət qədər gücləndirib. Davos Dünya İqtisadi Forumunun hesabatında yolların keyfiyyətinə görə Azərbaycan dünyada 24-cü yerdə dayanır”.

Bunu Teleqraf.com-a Milli Məclisin üzvü Azər Badamov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan yerləşdiyi coğrafi ərazisindən səmərəli istifadə edərək Avroasiyanı bir-birini bağlayan beynəlxalq layihələri reallaşdırıb:

“2017-ci ildə Bakı-Tiblisi-Qars dəmir yolunun istifadəyə verilib, həmçinin yükaşırımı gücü 10 milyon ton olan və gələcəkdə 25 milyon tona qaldırmaq imkanına malik Ələt Beynəlxalq Ticarət Limanı inşa olunub. Həm də ölkəmizin avtomobil yolları yenidən qurulub, Cənub-Şimal, Qərb-Şərq nəqliyyat dəhlizləri vasitəsilə daşınmaların həcmi sürətlə artmaqdadır. Azərbaycanın ərsəyə gətirdiyi beynəlxalq nəqliyyat dəhlizlər nəinki ölkəmizə, həm də bizimlə əməkdaşlıq edən bütün qonşu dövlətlərə də gəlir gətirir”.

Azər Badamov deyir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə qazanaraq torpaqlarını işğaldan azad etməsi regionda yeni reallıq yaradıb:

“Bu yeni reallığa uyğun olaraq ölkəmiz işğaldan azad olunmuş ərazilərdə də yol infrastrukturun yenidən qurulması və şaxələndirilməsi istiqamətində yeni layihələri sürətlə icra edir. Təbii ki, bu yol layihələrimiz işğaldan azad olunmuş ərazilərə qayıdacaq sakinlərimiz üçün rahatlıq yaradacaqdır. Bu, həm də yeni beynəlxalq layihələrin meydana gəlməsinə bir təşəbbüsümüzdür. Yeni reallıq Ermənistandan keçən 40 kilometrlik qısa bir ərazidə dəmir yolu və avtombil yollarını yenidən qurulmasını zərurətə çevirib. Bu dəhlizin açılması 10 noyabrda imzalanmış üçtərəfli bəyanatda da öz əksini tapıb və Ermənistan bu dəhlizin yaradılmasına imza ataraq öhdəlik götürüb. Ermənistan əgər 10 noyabrda bu öhdəliyi götürməsəydi tamamilə məhv ediləcəkdi. Amma çox təəssüf ki, Ermənistan rəhbərliyi həmişə olduğu kimi öz imzasına sadiq qalmır və kommunikasiyaların açılmasını qəsdən yubadır. Düşünürəm ki, üçtərəfli bəyanatda qeyd olunaraq icra olunmamış iki bəndin sürətlə icasını reallaşdırmaq üçün Dəmir yumruğun gücünü Ermənistana xatırlatmaq lazımdır. Çünki, Dəmir yumruq ermənilərin qorxulu röyasına çevrilib. Ermənistan elə zənn edir ki, müharibə dayandı və hər şey bitdi. Bu heç də belə deyil. Cənab Prezident İlham Əliyevin ifadə etdiyi hər bir söz reallaşır. Son 17 ildə yaşadığımız qısa bir tarix bunu sübut edib. Ermənilər başa düşməlidirlər ki, havadarlarına arxayın olub heç nəyə nail ola bilməyəcəklər. Atalar misalı var, “Baqasının əli ilə aş yeyənin qarnı doymaz”. Ermənistan nə qədər ki, havadarların diqtəsilə oturub duracaqlarsa, heç vaxt müstəqil ola bilməzlər və həmiş səfalətdə qalacaqlar. Hesab edirəm ki, Ermənistan Azərbaycanın verdiyi son şansından istifadə etməli, düşmənçilik meyllərinə son qoymalı, qonşulara olan torpaq iddialarından əl çəkməli və üçtərəfli bəyanatın icra olunmamış bəndlərini tezliklə icra etməlidir”.

Millət vəkili onu da qeyd edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan sərhədə qədər olan ərazidə dəmir və avtomobil yollarının tikintisini davam etdirir:

“Yaxın gələcəkdə ərazimizdəki bütün yol layihələri hazır olacaq. Kommunikasiyaların açılması region ölkələrin əməkdaşlıq imkanlarını genişləndirəcək. Azərbaycanın Naxçıvanla quru yolu açılacaq. O cümlədən Ermənistanın da Rusiyaya və İrana yolları açılır. Həm də Ermənistanın Türkiyə ilə sərhədləri də açılacaqdır. Beləliklə regionda davamlı sülhü və təhlükəsilik gələcəkdir, Azərbaycanın istəyi budur. Avropa İttifaqı və digər ölkələr də Azərbaycanın istəyinin reallaşmasına töhfə verməlidirlər ki, bütün kommunikasiyalar açılsın, regionda sabitlik, təhlükəsizlik dayanıqlı olsun və yaranacaq yeni nəqliyyat dəhlizindən hamı yararlana bilsin”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər