Azərbaycanda terror-təxribat törətməkdə ittiham olunan erməni silahlı dəstə üzvləri – Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə baş tutan iclasda cinayət işində olan sənədlər tədqiq olunub.
Hakim sənədlərin tədqiqinin başa çatdığını elan edib. Daha sonra hakim məhkəmə istintaqının başa çatdığını bildirib. Hakim ittiham nitqi ilə çıxış etmək üçün prokurora söz verilib.
Bundan sonra prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror qeyd edib ki, təqsirləndirilən şəxslərin Azərbaycan dövlət sərhədini qanunsuz keçmələri, Laçın rayonu ərazisi ilə Xocavənd rayonunun şimal-şərqində qanunsuz məskunlaşmaları məhkəmə istintaqı zamanı tam sübuta yetirilib.
Onun sözlərinə görə, mütəşəkkil dəstənin başçısı polkovnik-leytenant Arsen Kazariyann barəsində cinayət işi başlanıb və axtarış elan olunub.
Prokuror deyib ki, bu gün burada mühakimə olunanlar cinayət törədiblər, amma onların törətdikləri əməlləri Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.
Prokuror təqsirləndirilən şəxslərin ittiham olunduğu Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) maddələrinin ittihamdan xaric olunmasını istəyib.
Prokuror qeyd edib ki, təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirli bilinməlidirlər, onların barələrində cəza təyin olunmalıdır.
Prokuror təqsirləndirilən şəxslərin hər birinin 7 il müddətinə azadlıqdan məhrum edilmələrini təklif edib.
Prokuror qeyd edib ki, təqsirləndirilən şəxslərin cəzaları başa çatdıqdan sonra Azərbaycan hüdudlarından kənara məcburi qaydada çıxarılmalıdır.
Prokuror təqsirləndirilən şəxslərin cəzalarını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkmələrini təklif edib.
Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri müdafiə nitqi ilə çıxış etməyə başlayıblar.
Təqsirləndirilən Haykaz Hovanesyanın vəkili bildirib ki, müdafiə etdiyi şəxs ona elan olunmuş ittihamla təqsirli bilmir. Vəkil qeyd edib ki, müdafiə etdiyi şəxsi Ermənistan dövləti tərəfindən çağırılıb və həmin ölkənin rəhbərləri tərəfindən silahlandırılıblar. Vəkil Haykaz Hovanesyanın bərabərlik prinsipi əsasında mühakimə olunmasını istəyib.
Daha sonra digər təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib.
Hakim vəkillərin çıxışının başa çatdığını elan edib. Sonra təqsirləndirilən şəxslərə son söz verilib. Onlar prosesdə son söz deyiblər.
Hakimlər hökm qəbul etmək üçün müşavirəyə yollanıb.