Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən Yunanıstanın Qaz Nəqli Sisteminin Operatoru olan DESFA şirkətinin səhmlərinin 66 faizinin alınması barədə Avropa Birliyi antiinhisar orqanlarına, alqı-satqı prosesinin rəsmiləşdirilməsi məqsədi ilə göndərilmiş sonuncu bildiriş kontekstində, daha dərin araşdırmaların aparılması üçün Avropa Komissiyası tərəfindən II Mərhələnin açılışı müəyyən edilib.
Bu barədə ARDNŞ məlumat yayıb. Qurumun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, II Mərhələdə aparılan araşdırmalar adətən 90 iş günü ərzində həyata keçirilir. Yekun qərarın 2015-ci ilin birinci yarısında veriləcəyi gözlənilir.
ARDNŞ Avropa Komissiyasının müvafiq xidmətləri tərəfindən bu prosesə sərf edilmiş və ediləcək zaman, səy və resursları yüksək qiymətləndirir və qısa müddət ərzində bu prosesin başa çatdırılması üçün Komissiya ilə konstruktiv əməkdaşlığı davam etdirəcəyini bildirir.
Naibə QURBANOVA