Türkiyəni cənginə alan meşə yanğınları ilə bağlı türk dünyasına çağırış edən Xalq artisti Tünzalə Ağayeva Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tünzalə xanım, Türkiyənin 21 vilayətində yanğın hadisəsi baş verib. Qardaş ölkəyə dəstəyinizi eşitmək istərdik...
- Qardaş Türkiyədə baş verən hər hansı hadisəyə biganə qalmırıq və qalmayacağıq. Vətəndaşlar sağ olsunlar, hamı həssaslıq göstərir. Türkiyənin hər yay belə problemlə üzləşməsi acınacaqlı haldır. Türkiyənin coğrafiyasına bələd olan insanlar bilirlər ki, yayda hədsiz istilərdən belə bir hadisə baş verə bilər. Amma təxribat olması haqqında versiya da var. Əgər təxribat olubsa, Allah hadisəni törədənlərin cəzasını versin. Təbii fəlakət də ola bilər. Təkrar qeyd edirəm ki, hər yay Antalya, Bodrumda belə hadisələr baş verir. Bu, böyük faciədir. İnsanların evləri yanır, üzülürük.
Meşələr, heyvanlar yandıqca bizim də canımız yanır. Dualarımızla Türkiyənin yanındayıq, tezliklə bu yanğın sönsün! Heç bir canlı xəsarət almasın. Bu gün mətbuatda xəbər oxudum ki, 25 yaşlı könüllü yanğında dünyasını dəyişib. Allah türk millətinin köməyi olsun! Biz sosial media üzərindən də dəstəyimizi nümayiş etdirməliyik. Türkiyə hər zaman yanımızda olub, biz də eyni zamanda Türkiyənin yanındayıq. Hər iki dövlətdə baş verən hər hansı hadisə bizə toxunur, narahat edir. Ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlətik", Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamını xatırlatmaq istəyirəm. Ona görə də reaksiyamız çox normaldır. Türkiyədən dünən gəldim, yanğından burada daha ətraflı xəbərdar oldum. Həmin an sosial şəbəkədə qardaş ölkəyə dəstək paylaşımı etdim.
- Prezident İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar Türkiyəyə göndərildi. Dəstəyimizi başqa hansı formada ifadə etməliyik?
- Dövlətimiz sağ olsun, Türkiyənin yanındadır. Necə ki, Türkiyə müharibənin ilk saniyəsindən, əsgərlərimizin ilk addımından ölkəmizə mənəvi dəstək oldu. Son zamanlar bəzi ölkələr iddia edirlər ki, biz sizin yanınızda olduq. Bizim yanımızda yalnız qardaş ölkə olub. Ondan sonra digər ölkələri qeyd edə bilərik. Siyasi məsələlərə toxunmaq istəmirəm. Amma qardaş Türkiyənin yeri mərkəzdədir. Onların yerini heç nə əvəz edə bilməz.
Başın sağ olsun, qardaş Türkiyə! Avstraliyada meşə yanğınları baş vermişdi. O zaman Avstraliyanın meşə yanğınlarını bütün dünya paylaşırdı. Türkün dostu türkdür. Bu müharibədə də, Azərbaycan ilə Türkiyə arasında hadisələrdə də özünü göstərir. Mən çox istərdim ki, bütün türk dünyası səsini çıxarsın! Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan...
Güc birlikdədir. Biz millət olaraq birlikdə güc göstərdik və haqq savaşımızda qələbə qazandıq. Türk birliyi hər mənada - siyasətdə, mədəniyyətdə, idmanda və başqa sahələrdə bir-birinə dəstək olmalıdır. Təbii fəlakət hər bir ölkənin başına gələ bilər. Bu məsələdə isə birlik göstərmək lazımdır, xüsusilə dətTürk birliyi. Türk dünyasının gücü və birliyi çox vacibdir. Sözüm və mesajım bundan ibarət ola bilər. Türk qardaşlarımızın başı sağ olsun, Azərbaycan Türkiyənin yanındadır. Bütün dünya türkləri də Türkiyəyə dəstək olsunlar və səslərini çıxarsınlar!