“Eldəniz Səlimovun hərəkətləri Milli Məclisin nüfuzuna qətiyyən xələl gətirmir. Deputat məlum hadisədə səlahiyyətlərini aşıb və buna görə onun haqqında vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi açılıb”.
Teleqraf.com xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib.
Baş prokuror qeyd edib ki, Milli Məclis məsələ ilə bağlı mövqeyini ortaya qoyub.
“Bəzən sosial şəbəkələrdə parlamentin ünvanına xoşagəlməz ifadələr işlədilir. Elektron media orqanlarında da vəzifəli şəxslər haqında etik ollmayan informasiyalar yayılır. Hüquq-mühafizə orqanları buna qarşı qanun çərçivəsində mübarizə aparır, son dövrlər prokurorluq tərəfindən cinayət məsuliyyətinə, eləcə də inzibati məsuliyyətə vəlb edilənlər var”, - Baş prokuror qeyd edib.
K.Əliyev Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanması məsələsinə də toxunub. Qeyd edib ki, hakimiyyət nümayəndələri vəzifəli şəxsdir: “Polis zabitinə zəng edilərək, ora çağırılıb. Deputatın tələbi, davranışı qanunsuzdur, buna görə də 309.2-ci maddə ilə cinayət işi açılıb. Burada vətəndaşın hüquqlarının pozulması faktı var. Digər tərəfdən, bu, dövlətin nüfuzuna xələl gətirən haldır”.
Baş prokuror Eldəniz Səlimovun ona qarşı təzyiqlərin edildiyi iddiasının da araşdırılacağını deyib: “Bu iddiadan xəbərimiz var, məsələ araşdırılacaq. Gələcəkdə cinayət işinin detalları ilə tanış olanda görəcəksiniz ki, bu, barışdırmaq müstəvisində olacaq bir hadisə deyil, tamam başqa məsələdir”.