"Üzrxahlıq hüquqi metodoloji baxımdan islahedici, çəkindirici xarakter daşıyır".
Teleqraf.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, peşmançılıq, üzrxahlıq hüquqazidd əməlin qəsdlə yox, ehtiyatsızlıqdan törədilməsini ifadə edir: "Qanunvericilikdə peşmançılıq, üzrxahlıqla bağlı xüsusi qadağa sanksiyalaşdırılmır. Üzrxahlıq hüquqi metodoloji baxımdan islahedici, çəkindirici xarakter daşıyır. Buna ictimai qaydaya etinasız yanaşan insanlar ibrət nümunəsi kimi baxa bilər".
"Əgər bir şəxs öz əməlini etiraf edib səmimi peşmançılığını ifadə edirsə, burada qəbahət yoxdur. Başqa sözlə, elə şəxslər var ki, “peşman deyiləm, yaxşı eləmişəm” deməsi hüquqi nonsens sayılmırmı? Səhvdən, neqativ əməldən sonra peşmançılıq hissi necə olmalıdır. Səhv edən insan özünü günahkar saymalıdırmı? Əlbəttə, insanların ictimai davranışlarına, tutduğu mövqeyə, dünyagörüşünə görə fərqli yanaşmaların olması anlaşılandır", - deyə o vurğulayıb.