Batumidə 6 ölkənin qatıldığı Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramının təşkilatçılığı ilə keçirilən Vətəndaş Cəmiyyəti Forumunda baş verən skandalın əsas səbəbkarı Rauf Arifoğludur. Foruma müşahidəçi qismində qatılan “Yeni Müsavat”ın baş redaktoru yazıb ki, Azərbaycan əleyhinə anti -təbliğat stendini Boris Novosardiyanın sifarişi ilə Çexiyanın “People in Need” təşkilatı həyata keçirib. O, reportajda yazır: “Çex təşkilatı isə Dağlıq Qarabağ heyətini - yəni erməniləri müstəqil dövlətin heyəti kimi Foruma üzv etmək təşəbbüsü göstərib. Həm də israrla. Bunu da, “ermənipərəst” ifadəsini də qəzetimizə Forumun İdarə heyətinin üzvləri deyiblər. Təşkilat təmsilçisi belə bir təşəbbüs etdiklərini mənim yanımda təsdiqlədi. Sadəcə, məlumatı verən azərbaycanlı həmkarlarını qınadı ki, niyə idarəyə heyətinin qapalı müzakirələri barədə məlumat yayırsınız..”
Əslində hər şey gün kimi aydındır. “People in Need” faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Dağlıq Qarabağı isə müstəqil dövlət kimi təqdim etməyə çalışır. Və belə bir təşkilatı ermənipərəst adlandırmaq əslində qəbahət sayılmamalıdır. Ancaq bunu qəbahət hesab edənlər də var. Özü də Azərbaycandan. Məsələn, Zöhrab Ismayil “Facebook”da qızğın müzakirə olunan bu mövzuya belə bir statusla münasibət bildirib: “ “People in Need” təşkilatına "ermənipərəst" damğası vurmağa çalışmaq alçaqlıq və şərəfsizlikdir! Hansı ki, bunu “Yeni Müsavat” qəzeti etməyə çalışır...”
Əlbəttə, kim istəsə “Yeni Müsavat”ı alçaq və şərəfsiz hesab edə bilər. Ancaq bunun üçün əna azı gərək adamın öz əskisi tüstülü olmasın. Gəlin bir-iki suala cavab arayaq. Kimdir bu Zöhrab İsmayil? Qeyri-hökumət təşkilatı olan “Azad İqtisadiyyata Yardım İctimai Birliyi”ndə külüng çalan birisi. Yəni, bu mötəbər şəxs də Qərbin qrantları hesabına baş girliyir. Bu təşkilat çeşidli Qərb donorları, hətta Azərbaycandakı səfirliklər tərəfindən maliyyələşir. Kimin şühbəsi varsa, buyurub bu təşkilatın elektron səhifəsinə baxa bilər. Onlar Qərbin çoxsaylı qrant mərkəzindən pul alırlar. Bu yüksək və şərəfli varlıq əcnəbidən pul alır və bu paranın müqabilində də erməniyə qucaq açan və separatizmə dəstək verən, üstəlik, Azərbaycanın ərazi bütövlüyünü vecinə almayan “People in Need” təşkilatına dəstək verir. Onun müdafiəsinə qalxır. Ermənipərəstləri müdafiə etmək üçün bizi söyür. Zatən, baş redaktorun qeydlərindən bu təşkilatın ermənilərə aşırı sevgisi aydın görünür. Bunları yetərli saymayanlar üçün əlavə faktlar da göstərəcəyik. Bu barədə bir az sonra…
Skandalın faktiki səbəkarı olan R.Arifoğlu daha sonra yazır: “…Lakin reaksiyalar məni heyrətə gətirir. Erməni nümayəndə heyəti, konkret olaraq Boris Novosardiyan məndən Avropa Birliyinə şikayət edib…Borisə Bakıdan da ciddi dəstək var. Nə yazıramsa , Qrantın uşaqları anındaca ingiliscəyə tərcümə edib , onlara çatdırır. Onlar da əlində planşet , tez qaçırlar Forum təşkilatçılarının üstünə...Söz azadlığının anasını ağladır, Avropa demokratları, ermənilərə qoşularaq, Batumda. İyrənc bir mənzərə yaranıb. Hətta bizim heyəti sanksiya ilə hədələyirlər, - səbəb də musavat.com -da gedən yazılardır... Oranı tərk etdim və bundan belə Forumun işində iştirakdan da, onu işıqlandırmaqdan da imtina edirəm”. Sonra məlum olacaq ki, təşkilatçılar Azərbaycan nümayəndə heyətindən daha 4 nəfəri tədbirdən kənarlaşdırmaq haqqında müzakirələr aparır…
Və elə həmin gün axşama doğru Rauf Arifoğlu yazdı ki, dostlar, musavat.com-un tarixində olan ən böyük “kiber-atakla” üz-üzəyik. Buna da təbii baxmaq lazımdır. Çünki Ermənistanla Azərbaycan arasındakı savaşın ən önəmli cəbhə xətlərindən biri də media müstəvisindən keçir…
İndi isə “People in Need” təşkilatına "ermənipərəst"liyi ilə bağlı arqumentlərə nəzər salaq. Arqumentlər isə o qədər də uzaqda deyil. Bu təşkilatın İnternet səhifəsinə ötəri baxmaq kifayətdir. “Kapitan Qrantın uşaqları”n da həmin səhifəyə baxmağa dəvət edirəm…
Təşkilatın “Homepage”ində olan “Ermənistan” bölməsində yazılıb: “Çex Respublikası və xüsusən “People in Need” tərəfindən başlamış lap ilkin humanitar yardım Ermənistana edilib. 1988-ci ildə ölkənin (Ermənistan nəzərdə tutulur) şimal-qərbi dağıdıcı zəlzələ ilə üzləşdi və on minlərlə insan öldü. (Söhbət Spitak zəlzələsi kimi tanınan fəlakətdən gedir.) Ona görə də Praqada bir qrup tələbə yardım toplamağa başladı və bu aksiya xalq arasında geniş rezonans doğurdu. 50 ton material Ermənistana daşındı və sonra yaranan “People in Need”in üzvülərinin çoxu məhz həmin tədbirin təşkilatçıları arasından çıxıb (özülü-özəyi orada qoyulub)”.
/musavat.com/