Ötən gün sosial mediada Ukraynada yaşayan on azərbaycanlı tələbənin ölkəyə təxliyə olunması barədə xəbərlər yayıldı. Lakin həmin tələbələr yayılan informasiyanı inkar etdilər, paytaxt Kiyevdə münaqişə zonasında olduqlarını açıqladılar.
Teleqraf.com həmin tələbələrdən biri ilə - Rüstəm Muxtarovla əlaqə saxlayıb.
Həmyerlimiz bildirib ki, Kiyevdə döyüş zonasındadırlar: “Mən və 7 azərbaycanlı tələbə Vadim Getman adına Kiyev İqtisadiyyat Universitetində təhsil alırıq. Hamımız hazırda universitetin bunkerindəyik. Vəziyyətimiz yaxşıdır. Dekan hər bir şərati yaradıb. Əsasən axşam saat 6-7-dən sonra ukraynlarla birlikdə bunkerə düşürük. Gündüzlər isə imkan daxilində yuxarı qalxırıq. Geyimlər və zəruri ehtiyaclarımız təmin olunur”.
Rüstəm Muxtarovun sözlərinə görə, şəhər əhalisinə döyüş sursatları paylanılacaq: “Fərq etmir, hərbi bileti olan və ya olmayan hər kəs öz istəyi əsasında pasportunu təqdim edərək silah ala biləcək. Bu gün və ya sabah döyüş sursatları paylanılacaq. Təbii ki, biz də mübarizəyə qoşulmaq istəyirik. Hələ ki hər şey qaydasındadır”.
Bununla yanaşı, azərbaycanlı tələbələrin yaxın günlərdə vətənə qayıtması planlanır: “Hazırda olduğumuz ərazidən 8-10 kilometrlik məsafədə qızğın döyüşlər gedir. Atışma səsləri mütəmadi eşidilir. Bizi qaldığımız ərazidən təxliyə olunmağımız üçün Azərbaycan Səfirliyinə müraciət etdik. Bizə Polşa və Çexiya-Moldova sərhədinə yaxınlaşacağımız təqdirdə təxliyə olunacağımıza yardım göstərə biləcəklərini qeyd etdilər.
Bunu biz də bilirik ki, hər hansı ölkəyə nəinki əcnəbiləri, hətta Ukrayna vətəndaşlarını da pasportsuz qəbul edirlər. Hazırki vəziyyətdə isə bizim ora getməyimiz həyatımızı təhlükə altına ata bilər. Bu səbəbdən hələlik olduğumuz yeri tərk etməməyimiz daha məqsədəuyğundur. Dünən Türkiyə səfirliyi bizimlə əlaqə saxladı. Bildirdilər ki, yaxın günlərdə xüsusi təyinatlılar gələrək buradan bizi çıxarıb, vətənimizə qayıtmağa köməklik göstərəcəklər. Kim qatılmaq istəsə, burada müharibəyə qoşulacaq, getmək istəyən gedəcək”.