18 İyun 2022 17:48
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu iyunun 18-də işini panel iclasları ilə davam etdirir.

Teleqraf.com xəbər verir ki, Forum çərçivəsində “Gənclər danışsın, biz dinləyək” mövzusunda növbəti panel iclası keçirilib.

İclas 2005-2010-cu illərdə Ukraynanın birinci xanımı olan Katerina Yuşenkonun moderatorluğu ilə baş tutub.

Onun sözlərinə görə, hər gün səhər mobil telefonda tviter və digər sosial şəbəkələrə nəzər salaraq, gecə saatlarında dünyada nələr baş verdiyi barədə məlumat toplayır:

“Bu gün Suriyada, Ukraynada, Sudanda, Yəməndə uşaqlar ağlayır. Biz ilk növbədə gəncləri dinləməliyik. Biz gənc liderlərin şəbəkəsini təsis etməyə çalışırıq. Panel çərçivəsində gənc liderlərimizin müzakirəsi olacaq”.

Xorvatiyanın sabiq prezidenti Kolinda Qrabar-Kitaroviç bildirib ki, əsas məsələ müharibənin dayandırılması və bərpa-quruculuq işlərinin aparılmasıdır.

Panel iclas digər iştirakçıların müzakirələri ilə davam edib.

Qeyd edək ki, “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılır.


Müəllif: Teleqraf.com