13 Sentyabr 2022 12:25
1 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan hakimiyyəti və Qarabağ separatçıları yalnız gücə tabe olur”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatlarına diqqət çəkib:

“Gözlənilən idi, nə qədər ki, sülh sazişi imzalanmayıb, Ermənistanla Azərbaycan arasında toqquşmalar fasilələlərlə davam edəcək. Rəsmi Bakı xoş niyyət göstərərək, erməni diversantları Ermənistana təhvil verdi. Ancaq İrəvan bu xoş niyyətə Kəlbəcərə və Laçına atəş açmaqla cavab verdi, axşamlar yollara yenə minalar döşədi.

Azərbaycan yaxın müddətdə Kəlbəcəri və Laçını məskunlaşdıracaq. Bu baxımdan imkan vermək olmaz ki, Laçın və Kəlbəcər atəş altında olsun. Ona görə də Ermənistandan Kəlbəcər və Laçına təhlükə yaradan atəş nöqtələrinin neytrallaşdırılmasına ehtiyac vardı. Ermənistan hakimiyyəti və Qarabağ separatçıları yalnız gücə tabe olur. İrəvan razılaşmaları daim pozur. Onlar qarşılarında güc gördükdə geri çəkilirlər.

Deməli, biz daim bu alətdən qarşı tərəfin təxribatlarına qarşı istifadə etmək məcburiyyətindəyik. Bu zaman Azərbaycana daha çox Rusiya mane olmaq istəyəcək. Ancaq zaman Rusiyanın əleyhinə işləyir. Ukrayna ordusu uğurlu əks-hücumlar həyata keçirir. Rusiya ordusu geri çəkilir, imicinə zərbə dəyib, dünyanın ikinci böyük ordusu məğlub duruma düşüb. Belə vəziyyətdə olan Rusiyanın Azərbaycana sərhəddə və Qarabağda qayda-qanun yaratmasını əngəlləməsi Moskvaya əlavə problemlər yaradacaq”.

Elxan Şahinoğlu Ermənistan baş nazirinin kömək axtarışında olduğunu söyləyib:

“Paşinyan yenə Moskva, Paris və Vaşinqtonu ayağa qaldırmağa çalışır, zənglər edir və Azərbaycan əleyhinə ittihamlar səsləndirir, işə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını qarışmasını da istəyir. Onun məqsədi bu dövlətlərin və KTMT-nin Azərbaycana təzyiq etməsi və onu ayandırmasıdır. Bu dövlətlərin hər birində ermənipərəst mövqeydə dayanan mərkəzlər siyasi mərkəzlər olsa da, rəsmi səviyyədə Azərbaycanı qarşılarına almayacaqlar, hər birinin Cənubi Qafqazın əsas dövləti ilə əməkdaşlığı davam etdirməyə ehtiyacı var.

KTMT-yə gəldikdə, bu təşkilat ümumi narahatlığını ifadə edəcək. Ermənistan xaricində KTMT üzvlərinin hamısı Azərbaycanla tərəfdaşlıq münasibətlərinə malikdir. Buna baxmayaraq, Ermənistan həmişə olduğu kimi Azərbaycana qarşı dezinformasiya müharibəsini genişləndirməyə çalışacaq, Rusiya və Qərbdəki tərəfdaşlarından dəstək umacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər