Ermənistan Baş nazir Nikol Paşinyan ilə İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığında Ermənistanla Azərbaycan arasındakı son hərbi toqquşma müzakirə olunub. Paşinyan həmişə olduğu kimi, İrana Azərbaycandan şikayət edib.
İran prezidenti də öz növbəsində həmişə olduğu kimi, Ermənistana dəstəyini bildirib.
İbrahim Rəisi qeyd edib ki, Cənubi Qafqaz regionunda yeni müharibə qəbuledilməzdir və İran hadisələrin gedişatını diqqətlə izləyir. İran prezidenti vurğulayıb ki, regiondakı bütün münaqişələr sülh yolu ilə həll olunmalıdır və İranın dövlətlərin ərazi bütövlüyü ilə bağlı mövqeyi bəllidir.
İran prezidenti ölkənin dini lideri Əli Xameneyinin sözlərini də xatırladıb və qeyd edib ki, ona görə İranın Ermənistanla əlaqəsi təhlükə altına düşməməli, kommunikasiya kanalları dövlətlərin suverenliyi altında olmalıdır.
Rəisi ölkəsinin regionda sülhün bərqərar olmasına dəstək verməyə hazır olduğunu vurğulayıb və əlavə edib ki, Ermənistanın təhlükəsizliyi məsələsi İran üçün vacibdir.
Ermənistan dövlət sərhədinin bir neçə istiqamətində Azərbaycana qarşı təxribat törədib. Təxribata ordumuz tərəfindən adekvat cavab verilib.