Fransa Prezidenti Emmanuel Makron Rusiyanı Cənubi Qafqazda və bu bölgənin hüdudlarından kənarda sabitliyi pozmaqda ittiham edib.
Teleqraf.com xəbər verir ki, Makron “France 2” telekanalına müsahibəsində Rusiyanı Ermənistan və Azərbaycan arasında son toqquşmaları məqsədyönlü şəkildə təhrik etdiyini deyib.
Makronun iddiasına görə, Moskva son aylarda Azərbaycanın xeyrinə gərginliyi artırıb.
Ölkəmizə qarşı öz absurd və ermənipərəst iddiasında bir az da irəli gedən Fransa prezidenti Azərbaycanı Ermənistana “hücum etməkdə” ittiham edib.
“Guya 5000 rus əsgəri sərhəddə sabitliyə zəmanət vermək üçün oradadır, amma ruslar bir neçə əsr əvvələ dayanan bu münaqişədən istifadə edərək, Türkiyə ilə birlikdə vaxtilə yaxın olduğu ölkə olan Ermənistanı Azərbaycanın oyunlarına qarşı zəifləməyə başlayıb”, - Fransa başçısı söyləyib.
Makron Rusiyanın bölgədə qarşıdurma yaratmağa çalışdığını bildirib:
“Görürsünüz, nə baş verir? Bu, Rusiyanın sabitliyi pozmaq cəhdidir. O, Qafqazda iğtişaş yaratmaq istəyir ki, hamının sabitliyi pozulsun”.
O, əmin edib ki, Fransa Ermənistanı tək qoymayacaq:
“Ermənistan bizim unikal əlaqəmiz olan ölkədir. Azərbaycan sərhəddə bir neçə dəfə hücuma keçib. Bunu qınadıq. Biz erməniləri tərk etməyəcəyik”.