“ABŞ Azərbaycan və Ermənistan arasında istənilən problemin aradan qaldırılmasında birbaşa dialoqu yüksək qiymətləndirir”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
“ABŞ dövlət katibi ABŞ-ın Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiq olduğunu vurğulayıb və biz iki ölkənin liderlərini onlar üçün ən faydalı olan istənilən formatda görüşməyə çağırmışıq. Bizim nöqteyi-nəzərimiz belədir: problemlərin aradan qaldırılmasında və davamlı sülhün əldə olunmasında birbaşa dialoq əsasdır. Cənubi Qafqazın üç ölkəsinin suverenliyini və müstəqilliyini ABŞ-dan daha çox dəstəkləyən yoxdur”, - Amerika rəsmisi bildirib.
Patel qeyd edib ki, ABŞ 1991-ci ildə Ermənistan, Azərbaycan və Gürcüstanın müstəqilliyinin bərpasını dəstəkləyib və bu, həmin ölkələrin hər birinə öz xarici siyasət maraqlarını və suverenliyini həyata keçirmək hüququnu təmin edib.