7 Dekabr 2022 19:55
2 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstan, Qazaxıstan, Çinin Uyğur bölgəsi və Azərbaycandan olan türk millətçilərindən ibarət döyüşçülərin Ukraynada yeni batalyon qurduğu iddia edilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Star” qəzeti yazır.

İddia ilə bağlı noyabr ayında açıqlama verən qırğız döyüşçü Almaz Kudabekoğlu Ukraynada Rusiyaya qarşı döyüşmək üçün türk dövlətlərinin vətəndaşlarından ibarət “Turan” batalyonu adlı birlik yaratdıqlarını açıqlayıb.

Kudabekoğlu sosial mediada yayımlanan və əllərində silah tutan bir qrup döyüşçünün əks olunduğu videoda Rusiya Prezidenti Vladimir Putinin türk xalqlarına qarşı soyqırımı törətdiyini və Çeçenistan lideri Ramazan Kadırovun cihad elan etdiyini deyib: “Kadırovun şər, Putinin imperialist rejimini devirəcəyik”.

Kudabekoğlunun rusca danışdığı video döyüşçülərin boz qurd işarəsi tutaraq, türkcə qışqırdığı “Yaşasın Turan” şüarı ilə bitib.

Yunan mətbuatında “Turan” batalyonu ilə bağlı diqqətçəkən analitik təhlil yayılıb. Məqalədə deyilir ki, “Turan” batalyonunun bu prosesdə nə dərəcədə təsiredici olacağı bilinməsə də, bu gəlişmə Mərkəzi Asiyanın keçmiş kommunist ölkələrində artan pantürkizmin genişləndiyini göstərir.

Məqalədə Kudabekoğlunun bu ifadələrinə də yer verilib:

“Vaxtilə Çeçenistanda dinc insanların öldürüldüyü kimi, indi də Ukraynada qətlə yetirilir. Bizim istəyimiz budur ki, ukraynalı dostlarımız İslam təhqiredici din olmadığını başa düşsünlər. Biz bunun əksini göstərmək istəyirik ki, İslam mütləq belə bir din deyil. Bəli, biz müsəlmanıq və sizi qorumaq üçün gəlmişik. İndi çoxları “Turan”a qoşulmaq istəyir, hamısı da müsəlmandır. Bizdə elə aqressiv din yoxdur”.

Qırğız döyüşçünün çıxşının davamı belədir:

“Ukrayna onların planlaşdırdıqları kimi dərhal təslim olsaydı, Rusiya daha da irəli gedəcək və Qazaxıstana, Qırğızıstana qədər hamını məhv edib “rus dünyası” qurmağa başlayacaqdı. Ukraynanın buna cavab verməsi çox yaxşıdır. Onları içəridən, xaricdən məhv etmək lazımdır, hər gün bununla mübarizə aparmalıyıq. Çünki zəif rus xalqlarımızın təhlükəsizliyidir”.

Məqalədə vurğulanır ki, Ukraynadakı “Turan” batalyonunun üzvləri müasir Qərb silahları ilə döyüş təcrübəsi qazanırlar:

“Bu, Rusiya üçün risk yaradır, çünki pantürk ideologiyası Mərkəzi Asiyadan Rusiyanın türklərin sıx məskunlaşdıqları önəmli hissələrinə sıza bilər.

Türkdilli ölkələr daha sıx əməkdaşlıq istəyirlər. Bu vəziyyət türk dünyasının lideri və mərkəzi kimi görünən Türkiyəni gücləndirir. Güclənən Türkiyə, əlbəttə ki, Mərkəzi Asiyada geosiyasi vəziyyəti və tarazlığı kökündən dəyişəcək, Moskva bundan qaçmaq istəyir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər