“Moskva 3+3 platforması çərçivəsində xarici işlər nazirlərinin növbəti toplantısını keçirməyə çalışır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Rusiya siyasi rəhbərliyinin “Altılıq” formatını canlandırmaq səylərinə diqqət çəkib:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İkinci Qarabağ Müharibəsindən sonra 3+3 platforması təklifini irəli sürdü. Yaxşı ideya idi, rəsmi Bakı dəstəklədi, Ermənistana sülh və əməkdaşlıq təklif edildi. Bircə Gürcüstan bu platformada iştirak etməcəyəni açıqladı, səbəbi obyektiv idi: Rusiya bu ölkənin ərazilərini işğal edib, diplomatik münasibətlər də bu səbəbdən kəsilib. Buna baxmayaraq, Gürcüstansız da müvəqqəti olaraq platformanı inkişaf etdirməyə qərar verildi.
Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarının təklifini dəstəklədi. Çünki yeni format Ukrayna müharibəsi fonunda təklənən Rusiyaya yeni dialoq müstəvisi açırdı. Elə indinin özündə də Moskva 3+3 platforması çərçivəsində xarici işlər nazirlərinin növbəti toplantısını keçirməyə çalışır. Ancaq İran-Azərbaycan münasibətlərinin indiki gərgin fonunda 3+3 platformasının işləyəcəyi problematikdir.
İran Azərbaycan əleyhinə təxribatlarını davam etdirirsə və ikitərəfli təmaslar faktiki dayandırılıbsa, biz bu ölkə ilə yeni platformada hansı sülh və əməkdaşlıqdan danışa bilərik?”