“Beynəlxalq müstəvidə hüququn lal və kor olduğu şəraitdə Laçın yolunda aksiya keçirən fəalları dəstəkləyirəm. Eyni zamanda düşünürəm ki, deputatların yerində aksiya iştirakçılarına dəstək verməsi yaxşı motivasiya olar”.
Teleqraf.com xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Rəşad Mahmudov bildirib.
Mahmudov eyni zamanda sosial sahəyə də diqqət çəkib:
“Beynəlxalq iqtisadi böhranın, problemlərin davam etməsinə baxmayaraq ölkəmizdə islahatlar gedir. Xüsusilə sosial layihələrin həyata keçirilməsi inkişafın göstəricisidir. Səhiyyə islahatları da bu baxımdan əhəmiyyətlidir. Bu konteksdə İcbari Tibbi Sığorta tətbiq edilir. Bu, insan resurslarının nə dərəcədə vacib olduğunu ortaya çıxarır. Tibb Universitetinə qəbul edilən və yüksək səviyyədə təhsil alan tələbələrin xaricə üz tutma halları var, bəzi insanlar buna müsbət yanaşır. Lakin bir sıra ölkələrdə bu məsələyə insan resursu kimi yanaşırlar. Bu mənada insan resursları bizim üçün əhəmiyyətlidir”.
Deputat əlavə edib ki, tibb sahəsində rezidentiraya qəbul olunmayan gənc mütəxəssislər poliklinkalarda işləməklə ayda 1000-1200 manat əmək haqqı alırlar:
“Amma rezidenturaya qəbul edilən gənc mütəxəssislər ayda 300-400 manat alır. Onların yaşı və ailə vəziyyətini nəzərə alsaq, bunun az olduğunu müəyyən etmək olar. Əvvəl insan kapitalı dedikdə dövlətin resursları nəzərdə tutulurdusa, indi insan resursu nəzərə alınır. Mən təklif edirəm ki, Nazirlər Kabinetində rezidentura ilə bağlı hüquqi normativ sənədə yenidən baxılsın”.