“Laçın yolu ətrafında vəziyyətin gərginləşməsi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması işini çətinləşdirir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Laçın yolu ətrafında baş verən bu kimi hadisələr sülh müqaviləsi də daxil olmaqla, ümumi müzakirə mühitini çətinləşdirir. Rusiya tərəfi vəziyyətin yerində nizamlanması üçün ciddi səylər göstərir. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını və bütün istiqamətlərdə birgə işin tezliklə bərpasını gözləyirik”, - Rusiya rəsmisi bildirib.
Qaluzinin sözlərinə görə, bu halda sənədin təsdiq olunma tarixi o qədər də vacib deyil: “Əsas odur ki, Bakı və İrəvan regionda sabit və ədalətli sülhə təminat verəcək qarşılıqlı məqbul həllə nail ola bilsin”.
Diplomat həmçinin qeyd edib ki, rəsmi Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 31-də Soçi görüşünün yekunlarına dair üçtərəfli bəyanatı çərçivəsində danışıqlar prosesini dəstəkləməyə hazırdır.