Millət vəkili öz təşəbbüsünü izah edir
Millət vəkili Aydın Mirzəzadə bu günlərdə Bakı şəhərinin statusu ilə bağlı ayrıca qanun qəbul edilməsi təşəbbüsü ilə çıxış edib.
Aydın Mirzəzadənin fikrincə, yeni qanunda paytaxtda aparılan tikintilər üçün normaların müəyyənləşdirilməsi də öz əksini tapmalıdır.
Bakının xüsusiyyətləri nəzərə alınmalıdır
Millət vəkili ilə mövzuya dair söhbət etdik. Aydın Mirzəzadə Bakının statusu ilə bağlı yeni qanun qəbul edilməsini belə əsaslandırdı: "Bakı sıradan bir şəhər deyil. Paytaxtdır, qədim tarixi olan, eyni zamanda, müasir bir şəhərdir. Bu şəhərdə yaşamaq istəyən insanların sayı durmadan artır. Bu baxımdan Bakı ilə bağlı xüsusi qanunun qəbuluna ehtiyac var. Həmin qanunda Bakının statusu, idarə edilməsinin xüsusiyyətləri, inkişafı, tikintisi ilə bağlı müəyyən müddəalar yer almalıdır".
Belə davam etsə, mərkəzdə 40 mərtəbəli binalar tikiləcək
Millət vəkili hesab edir ki, belə bir qanunun qəbulu tikinti aparan iş adamlarının da fəaliyyətində qanunauyğunluq yaradar: "Bəzən şəhərin mərkəzində tikilən hündürmərtəbələr 10 əsr tarixi olan binaların arxitekturasına kölgə salır. Həm də şəhərin mərkəzində avtomobil tıxaclarına, ekoloji problemlərin yaranmasına, yaşıllıqların, parkların sıradan çıxmasına səbəb olur. Ona görə də Bakının mərkəzinin qırmızı çevrəyə alınması nəzərdə tutulmalıdır. Əks halda Bakının mərkəzində 30-40 mərtəbəli binalar tikilə bilər. Həmçinin Bakıda mənzilə böyük ehtiyac olduğu qədər infrastrukturun yenilənməsinə, parkların, yaşıllıqların salınmasına ehtiyac var. Bu normativlər də sənəddə əksini tapmalıdır".
Paris, yaxud Vyana təcrübəsi tətbiq olunsun
Mütəxəssislər hesab edirlər ki, Bakının statusu məsələsində inkişaf etmiş ölkələrin təcrübəsi dərindən öyrənilməlidir. Məsələn, Rusiyanın paytaxtı Moskvaya verilən statusa görə, şəhər merinin səlahiyyətləri genişdir, paytaxtın idarə olunması birbaşa merin qərarlarından asılıdır.
Aydın Mirzəzadə isə təklif edir ki, Bakının statusu məsələsində Fransa, yaxud Avstriya təcrübəsi tətbiq olunsun: "Mən dünyanın 20 ölkəsində olmuşam. Xüsusiyyətinə, qədimliyinə, tikintilərinə və inkişafına görə Bakıya Parisin, yaxud Vyananın inkişaf və tarixi dəyərlərin saxlanması təcrübəsi tətbiq edilə bilər. Hər iki şəhərin mərkəzi hissələrində hündürmərtəbələr yoxdur.
Mərkəzdə qədimlik, yaşıl zona, piyada keçidləri qorunub saxlanır, həmçinin orada tikinti aparılarsa, xüsusi icazə və mövcud arxitekturanın davamı kimi götürülür. Artıq belə bir dünya təcrübəsi var".
Bakı merinə nazir statusu verilsin
Statusa görə, vəzifə səlahiyyətlərinə gəlincə, millət vəkili Bakı merinə nazir statusu verilməsini təklif etdi: "Mən təklif edirəm ki, Bakı şəhəri icra hakimiyyəti başçısına nazir statusu verilsin və o, hökumət üzvü sayılsın".
Çünki qəribə bir təzad yaranıb. Ölkə ərazisinin üçdə birini idarə edən insan hökumət iclaslarında iştirak etmir, prinsipcə hökumətdənkənardır".
Qeyd edək ki, Bakının mərkəzi hissəsi 1500 hektar ərazini əhatə edir. Bakının Müfəssəl planlaşdırma layihəsində şəhərin mərkəzi hissəsinə Bakıxanov küçəsindən Xəzər dənizinə, İsmayıl Qutqaşınlı küçəsindən Bayraq meydanınadək, həmçinin Bayraq meydanından dənizkənarı boyu uzanan ərazi və Ağ şəhərin qarşısından Babək prospektindəki Heydər Əliyev Mərkəzinə qədər olan sahə daxildir. Tarixi hissəsi isə Füzuli küçəsindən Xəzər dənizinə qədər, Dəmir yolu vağzalından Keçmiş Poluxin, indiki Murtuza Muxtarov küçəsinədək olan hissəni əhatə edir.
Sevil HİLALQIZI