Ombudsman Aparatının əməkdaşları Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində, Bakı İstintaq Təcridxanasında, 10 və 11 saylı cəzaçəkmə müəssisələrində araşdırma aparıblar.
Ombudsman Aparatının mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılma Mərkəzində, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında, 10 və 11 saylı cəzaçəkmə müəssisələrində (CÇM) olublar.
Ombudsmanın nümayəndələri Bakı İstintaq Təcridxanasında 10-dan çox saxlanılan şəxslə, o cümlədən Xədicə İsmayılova, Pərviz Həşimli, Sirac Kərimli ilə onların saxlanıldıqları kameralarda görüşüb, həmin şəxslərə qarşı rəftar və saxlanılma şəraiti ilə bağlı mövcud vəziyyəti öyrəniblər.
Qəbul edilmiş şəxslərə hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah edilib. Bundan əlavə, görüş zamanı onlardan bəzilərinin qaldırdığı məsələlər müəssisə rəhbərliyi ilə müzakirə olunaraq öz müsbət həllini tapıb.
Ombudsmanın nümayəndələri müraciətlərin araşdırılması məqsədi ilə həmin gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı və 11 saylı CÇM-lərində, habelə Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılma Mərkəzində də olublar. Bu müəssisələrdə qəbul edilmiş şəxslərə hüquqi məsləhətlər verilib.