Azərbaycan öz uğurlarına görə Prezident İlham Əliyevə borcludur.
Bunu Trend-ə TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman deyib.
Onun sözlərinə görə, əldə olunan uğurlar, ölkənin və xalqın firavanlığı istənilən dövlət başçısı üçün ən yaxşı hədiyyədir.
M.Qusman qeyd edib ki, bu mənada Azərbaycan Prezidenti xoşbəxt insandır: “O, öz ad gününə bütün mümkün hədiyyələrdən ən böyüyünü alır - hədsiz dərəcədə sevdiyi doğma ölkəsi Azərbaycanın uğurlarını”.
TASS agentliyinin baş direktorunun birinci müavini bildirib ki, Azərbaycanın iqtisadi, mədəni və sosial sahələrdə, eləcə də beynəlxalq arenada əldə etdiyi uğurlar ölkə başçısı üçün ən yaxşı hədiyyədir.
M.Qusmanın sözlərinə görə, ədalət naminə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev bu hədiyyəni özü özünə edib: “Ölkənin uğurları məhz onun rəhbərliyi altında mümkün olub”.
O, həmçinin müasir Azərbaycanın qurulmasında ümummilli lider Heydər Əliyevin rolunu da qeyd edib: “Bu insanı xatırlamamaq olmaz. Həyatdan getməzdən əvvəl ölkənin onun müəyyən etdiyi yolla gedəcəyinə çox inandığını və əmin olduğunu deməmək olmaz. Ümid edirəm ki, Heydər Əliyev indi doğma torpağını, bizim hamımızı, həmçinin oğlu və varisinin ölkəni məqsədə doğru necə apardığını görür. Hesab edirəm ki, o, Azərbaycan Prezidenti İlham Əliyevlə fəxr edə və ona görə şad ola bilər”.