1 Fevral 2023 19:36
2 932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdi cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Niyazi müəllim, yaxın günlərdə sosial şəbəkələrin birində yazdığınız status rezonans doğurdu. Ərə gedə bilməyən və gözəl olmayan kök qızların idman sahəsinə yönəldilməsini çıxış yolu kimi göstərməyiniz xeyli müzakirə edildi, əksər hallarda bu mövzu aqressiya ilə qarşılandı. Siz filosofsunuz, bu mövzuya müraciət etmək zərurəti nədən yarandı?

- Filosoflar təkcə yüksək materiyadan yazmırlar. Xırda məsələlərin fəlsəfəsi də var. Örnəyin, Martin Haydaqa (Haydaqer) içki bardağına çox dərin bir məqalə yazmışdı, adı düz yadımda qalıbsa, “Nəsnə” idi.

Təkcə fəlsəfədə yox, tarix elmində də belə şeylər olur. Öncələr bu elm iri olayları, məsələn, inqilabları, sülalələri öyrənirdi. Sonra isə başladı xırda məsələlərlə maraqlanmağa. Məsələn, mən tarixçi olsaydım, cib ideyasının və formalarının tarixindən araşdırma aparardım – görün, ciblər kenqurunun qarnından paltarda haralaracan yeriyiblər.

İndi elə şalvarlar var ki, dizinin yanında da cibi var, kəmərinin altında da. Mən 20-30 il bundan qabaq bir kitab yazmışam, “Orta əsrlər Azərbaycan estetik mədəniyyəti”. Orada ortaçağ adamlarının necə yeriməsindən, necə təəccübdən barmaqlarını dişləməsindən və başqa jestlərindən danışıram. Bu üzdən feysbukda yazdığım statusun tipi bəndənizə yad deyil.

- Belə versiyalar da səsləndi ki, bu, bilərəkdən yazılmış statusdur, bir növ cəmiyyət silkələməyə hesablanıb... Bununla nə dərəcədə razılaşırsınız?

- Mən dəhşət köklüyü olan məktəb uşaqlarını ilk dəfə dəstə-dəstə Amerikada görüb çaşmışdım. Şükür, bizdə elə deyil. Ancaq bəzən görürsən ki, beşinci, altıncı sinifdə ağ qarğa kimi o biri uşaqlardan seçilən kök və ya yekəpər qız da olur. Bərk köklüyü olan uşaqları görəndə ürəyim ağrıyırdı ki, yəqin əzab çəkirlər.

Mən özüm uşaqlıqda gombul olmasam da, dolu bədənli olmuşam və “pota” ayamasını min dəfə eşitmişəm. Sonralar cüdoda, boksda ağır çəkili qızları görəndə ağlıma gəldi ki, onları bu idmana köklükləri gətirib. Bu proses Amerika, Avropa, Yaponiyada başladı, sonra Monqolustan və başqaları da onlara qoşuldu.

Fikir vermisinizsə, basketbola, voleybola, həndbola da qızların çoxunu “uzundraz” olmaları gətirir. Bəziləri elə bilir ki, bu idmanlar boyu uzadır. Ancaq idmanla hündür adam olmaq olmaz, boy genetik şeydir. Sadəcə, həmin oyunlarda böyük idmanda hündürlər qalır, bu isə illüziya yaradır ki, onları basketbol, voleybol hündür edib. Ucaboy qızların da hər yerdə böyük dərdi var, özləri boyda oğlan, ər tapa bilməmək dərdi. Basketbolçu olanda isə peşə maraqları ilə onlara bağlanmış ər də tapa bilirlər.

Azərbaycan qızları, bütündə, bəstəboy olurlar. Ancaq bəzən 1 metr 80 santimetrə yaxın olan qızlar da rastımıza gəlir. İndi model qızların hündürlüyündən sonra şəhərdə (kənddə yox) hündür Azərbaycan qızlarının boylarına görə utanışı azalıb. Ancaq yenə də aralarında kompleksi olanlar daha çoxdur.

Bu faktlar daha geniş mövzunun bir kəsimidir: insanın əskiklik kompleksi onu nələrdəsə irəli çıxmağa stimullaşdırır. “Mən olmağımın tarixçəsi” adlandırdığım bioqrafik kitabımda özümlə bağlı bu halı açmışam.

Froydun (Freydin) davamçısı Adler vardı, o da komplekslər və yaradıcılıqla bağlı ilginc düşüncələr söyləmişdi. Azərbaycanda isə Çingiz Sultansoy ilk dəfə millətlə bağlı natamamlıq kompleksindən yazmışdı. Bu kontekstdə mənim bir ideyam vardı: milləti elmdə, sənətdə, siyasətdə irəli aparanların çoxu ya çirkin, ya yaraşığı olmayan qızlar, oğlanlar olur. Sözsüz, istisnalar da var. Məsələn, Şopenhauer yaraşıqlı idi, Marks da pis deyildi. Ancaq Napaleon, Lenin, Stalin balacaboy idilər.

Deyəsən, Atatürk də hündür deyildi. Millətin uğurunda kifir adamların rolu haqqında məqalə yazmaq istəyirdim, ancaq hər dəfə sonraya saxlayırdım.

Kök qızların idmançı karyerasına həvəsləndirmək ideyasını da yazmaq istəyirdim, ancaq hər dəfə təxirə salırdım. Bir-iki gün bundan qabaqsa status yazmaq fikrinə gəldim, qısa olduğu üçün tənbəllik eləmədim. Ancaq heç ağlıma da gəlməzdi ki, bu status belə səs-küy doğuracaq. Gəlsəydi, bəlkə də yazmazdım. Heç indi də bilmirəm yazdığım nədən bir qrupda mənə qarşı belə qəzəb doğurub?

Adamlar hiddətini bildirirlər, ancaq yazdıqlarında göstərmirlər, dediyimdə nə pisdir, yanlışdır. Deyəsən, bunlar o qədər incə-mincədirlər ki, “kök qız”, “çirkin qız” sözlərindən hirslənirlər. Gülməlisi odur ki, “da, də” ədatlarını yerlik hal şəkilçisi kimi sözə bitişik yazan (Tik-tokda geniş yayılıb) “savadlılar” da mənim professor olmağıma, fəlsəfə ilə məşğul olmağıma lağ edirlər. Bəziləri, “misoginist” (qadına nifrət edən) kimi az işlənən terminləri işlədir ki, bilikli olduqlarını göstərsinlər.

Ancaq qəribədir, məntiqlə belə sözləri bilən adam dərrakəli olmalıdır, di gəl mənə atmacalarından görünür ki, fikirlər düz anlamaq problemi var.

Mən yazıq nə demişəm? Ata-analara demişəm ki, qızınız çox kökdürsə, arıqlaya bilmirsə, yazı-pozuda istedadı yoxdursa, verin boksa, cüdoya, ağırlıq qaldırmağa ki, peşəkar idmanda karyera qursun. Qızlarınız uzundursa, verin basketbola, voleybola… Burada özlərini tapdıqları üçün psixi əzabdan qurtularlar, özlərinə peşə maraqları ilə bağlanmış ər də tapa bilərlər.

Mən bu qədər adi bir nəsnəni demişəm və oxucuların çoxu da nə dediyimi anlayıb. O biriləri niyə hay-küy salıblar, başa düşmürəm. Dedim ki, bu ideya parlaq deyil, dünya idmanından çıxan müşahidənin sonucudur.

- Nəyə görə sizin fəlsəfi, ictimai yazılarınız, fikirləriniz bu qədər səs-küy gətirmir, amma bu statusunuz ətrafında xeyli müzakirə açıldı? Bu hal sizi təəccübləndirdimi?

- Demirlər, seks və qan filmi maraqlı edir? Yəni ciddi ideyaların toqquşmasından daha çox qan və seks maraqlı edir. Təkrar edirəm, mən adi bir şeyi demişəm. O fikri tapmaq üçün böyük ağıl da lazım deyil. Ancaq kimlər üçünsə o fikir qalmaqallı oldu və başladılar hay-küy salmağa.

- Bu situasiya nəyi göstərir? Belə çıxır ki, insanlar, xüsusən də qadınlar zahiri qüsurlarla bağlı məsələlərə həssas yanaşırlar?

- Həssas yanaşmaq normaldır. Ancaq bu adi fikirdən hiddətlənmək adamı çaşdırır. Dostum İlqar Rəsul yazmışdı ki, Niyazinin statusunu oxuyanda ürəyimdə dedim ki, “professorun sözləri qana aparır”. Xeyli güldüm, İlqar, belə görünür ki, feysbuk əhlini məndən yaxşı tanıyır.

Bütünlükdə, statusuma pis reaksiyaları vecimə almadım. Hətta tərbiyəsiz atmacalar vardı, onları da vecimə almadım. Sokrat acıdil Ksantipanı almışdı ki, ağır sözlərə öyrəşsin. Mən də söyüşlərə elə baxdım. Bir xeyli tanıdığım, tanımadığım ağıllı adamdan, onlar sağ olsunlar, ürək-dirək verən sözlər oxudum. Bu da mənə kömək elədi.

- Adətən məmurlar tənqid edilir ki, nəticə çıxarsınlar. Sərt tənqidin pozitiv nəticəsi haqda şübhəyə düşmədiniz ki? Tənqidin müsbət cəhəti olurmu?

- Tənqidin xeyri haqqında min dəfə deyiblər. Ancaq təəssüf ki, feysbukda tökülüşüb üstünə cummaq xəstəliyi var. Bundan nə öyrənmək olar? Dedim ki, bir nəfər də yazmadı mən nəyi düz deməmişəm.

- Bu müzakirələr kontekstində məlum oldu ki, siz özünüz də idmançısınız. İdmanın hansı növü ilə məşğul olmusunuz?

- Tələbəlikdə mən boksla, bodi-bildinqlə məşğul olmuşam, ancaq sözlərimə bunun dəxli yoxdur. Bakı üzrə tələbələr arasında çempion olsam da, səbəbi jüridə qohumumun üzgörənliyi olub.

Bir şeyi də deyim hündür qızlar başqa istedadları yoxdursa, idmanda ad qazansalar pul da qazana bilərlər – ən azı cangüdənliklə. Başqa sahə ordudur. Qızlarımız ordunu da seçməlidirlər. Millət özünün insan resursundan geniş istifadə etməlidir. Peşəkar idman estetik uğuru olmayan qızları ulduza çevirə bilər. Beləcə, onlar bir küncə sıxılıb dərd çəkmək əvəzinə fanatların sevgisini qazanarlar – dediyim budur.

- Sonda bu müzakirə kontekstində belə suallar da səsləndi ki, ətrafınızda, tanışlarınız arasında köklük kompleksi yaşayan və məsləhət gördüyünüz istiqamətə yönələn insanlar varmı?

- Ətrafımda yoxdur. Ancaq baxın dünya idmanına, nə qədər qız çempionlar var ki, yaraşığı olmasa da, adamların sevimlisidirlər. Mən belə bir adi şeyi demişəm, çeviriblər qalmaqala.

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər