9 Fevral 2023 15:57
5 591
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanı öz mövqeyindən geri çəkilməyə məcbur etmək Ermənistanla yanaşı, İranın da imkanı xaricindədir”

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert İranın Ermənistanla birlikdə Azərbaycana qarşı fəaliyyətlərini davam etdirdiyini bildirib:

“İrəvanda bir neçə gün əvvəl Ermənistan-Rusiya münasibətlərinə dair dəyirmi masa keçirilmişdi. Bu dəfə isə Ermənistan-İran münasibətlərinə dair müzakirələr təşkil edilib. Birinci dəyirmi masada erməni ekspertlər Rusiyanın siyasətindən narazılıqlarını ifadə etdi, Moskvanın Ermənistanı lazımi qədər müdafiə etmədiyini bildirdilər. İranla bağlı dəyirmi masadan isə erməni ekspertləri razı qalıblar. Çünki dəyirmi masada İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri ermənilərin eşitmək istədiklərini deyib.

Birincisi, səfir söyləyib ki, İran və Ermənistan Zəngəzur dəhlizinin əleyhinədir. İranlı diplomat bu sözləriylə dəhlizin açılmamasının Ermənistanın da maraqlarına zidd olduğunu iddia edib. Halbuki Ermənistan Baş naziri Nikol Paşinyan eyni gündə açıqlama verib ki, Azərbaycana uzanan nəqliyyat yollarından istifadənin əleyhinə deyil, sadəcə bu dəhlizin statusu ətrafında fikir ayrılığı var.

İkincisi, səfir deyib ki, sərhədlər dəyişdirilməməlidir. Yəni iranlı diplomat Azərbaycanın Ermənistanla təmas xəttində mövqelərinin möhkənlənməsindən Tehranın narazılığına işarə edib. Bəllidir ki, azərbaycanlı hərbçilər təmas xəttindəki yüksəkliklərdən Ermənistanı İranla birləşdirən yollara nəzarət etmək imkanına malikdir. Azərbaycanı öz mövqeyindən geri çəkilməyə məcbur etmək Ermənistanla yanaşı, İranın da imkanı xaricindədir”.

Elxan Şahinoğlu iranlı səfirin açıqlamasındakı üçüncü məqama da diqqət çəkib:

“Üçüncüsü, səfir deyib ki, yaxın müddətdə Ermənistanın Təbrizdə konsulluğu açılmalıdır. Tehran uzun illər Təbrizdə Azərbaycan konsulluğunun açılmasına icazə vermədi, xeyli ləngimədən sonra konsulluğumuz fəaliyyətə başladı. İndi isə Azərbaycan şəhərində Ermənistan konsulluğunun açılmasını sürətləndirmək istəyir. İrəvan Azərbaycan şəhərində Ermənistan konsulluğunun açılmasının onlar üçün nə qədər faydalı olacağını hesablamalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər